Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı tədbir keçirildi.
Mayın 4-də Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyası və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı tədbir keçirildi.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin müdiri Anar Məmmədov, elmlər doktoru, professor, Əməkdar müəllim Rüfət Hüseynzadə, Tarix elimləri doktoru, professor, Azərbaycan Texniki Universitetinin “Tarix” kafedrasının müdiri Şikar Qasımov, Azərbaycan Respublikasının Xalq artisti Şükufə Musayeva, Azərbaycan Mədəniyyət işçisi, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü İradə Əlili, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq” fakültəsinin müəllimi Sahibə Ələkbərova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni-kütləvi işlər şöbəsinin müdiri Əfsanə Gülməmmədova, Cəbrayıl rayonu Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı tam orta məktəbin direktoru Nuriyə Ağayeva, həmin məktəbin müəllim və şagird kollektivi, Laçın rayon mədəniyyət işçiləri, Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları və oxucuları iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan, manelərdən və çətinlikdən keçərək, SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan ilk Türk oğlu Heydər Əliyevin Azərbaycan tarixində Qurtuluş mübarizəsinin qalibi kimi daxil olmasından geniş bəxs etdi.
Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin müdiri Anar Məmmədov çıxışında vurğuladı ki, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması və bir milyon insanın qaçqın düşməsi Ulu Öndəri ən çox narahat edən məsələ idi. O, həmişə qeyd edirdi ki, biz Qarabağı mütləq geri qaytaracağıq. Əgər bu məsələ sülh yolu ilə həll olunmasa, müharibə yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Bu gün tarix yazan dahi şəxsiyyət Heydər Əliyevin ruhu şaddır, çünki onun vəsiyyəti və Azərbaycan xalqının arzuları reallaşdı. Onun ideyaları yaşayır və Azərbaycan xalqını zəfərdən-zəfərə qovuşdurur.
Pedoqoji elmlər doktoru, professor, Əməkdar müəllim Rüfət Hüseynzadə Heydər Əliyev nəzəri irsində müəllimlik mövzusunda çıxış edərək, bildirdi ki, İlk fəaliyyəti müəllimlik olan Ulu Öndər ölkəmizdə bütün sahələrdə olduğu kimi, elm və təhsilin inkişafında da xüsusi diqqət yetirir və bu peşə sahiblərinə qayğı ilə yanaşırdı.
Tədbir zamanı çıxış edən natiqlər “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, “Heydər Əliyev irsi”, “Heydər Əliyev irsinin təbliğində muzeylərin rolu “ mövzularında da çıxış etdilər və Azərbaycan Respublikasının Xalq artisti Şükufə Musayeva Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun “Ömrün Heydər zirvəsi” adlı şeirini səsləndirdi.
Sonda Cəbrayıl rayonu Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı tam orta məktəbin şagirdləri Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlərdən ibarət kompazisya nümayiş etdirdilər və xatirə şəkli çəkdirildi.