Xətai rayon təhsil və mədəniyyət müəssisələrində 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Xətai rayon təhsil və mədəniyyət müəssisələrində, şəhidlərin xatirə lövhələrinin qarşısında 27 Sentyabr–Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Anım tədbirlərində şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, məktəb rəhbərləri, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, xatirə lövhələrinin önünə gül dəstələri düzüblər.
Təhsil müəssisələrində keçirilən tədbirlər zamanı şagirdlər Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Mədəniyyət ocaqlarında isə vətənpərvərlik mövzusunda videoçarxlar təqdim olunub, muzey guşələrində şəhidlərin şəxsi əşyaları və fotoşəkillərindən ibarət sərgilər təşkil edilib.
Tədbirlər zamanı çıxış edənlər 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbənin Azərbaycan xalqının birliyi və ordumuzun şücaəti sayəsində mümkün olduğunu qeyd edərək, şəhidlərin göstərdiyi qəhrəmanlığın gələcək nəsillər üçün əbədi örnək olduğunu vurğulayıblar.
Anım Günü çərçivəsində keçirilən tədbirlər şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu və onların ailələrinə göstərilən yüksək ehtiramın bir daha təcəssümüdür.






