Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonu, Neapol küçəsi 7 ünvanında abad həyət  sakinlərin istifadəsinə verilib

08 yanvar 2025 | 19:36

Yanvarın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın və Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Xətai rayonu, Neapol küçəsi 7 ünvanında abad həyət  sakinlərin istifadəsinə verilib.

 Leyla Əliyeva və Arzu Əliyeva IDEA könüllüləri ilə birlikdə həyətdə keçirilən ağacəkmə aksiyasına qatılıb, həmin ərazidə yaşayan azyaşlı sakinlərə hədiyyələr təqdim edib.

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi, yenidən qurulmuş növbəti həyətdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü minifutbol meydançası, müxtəlif idman qurğuları, şahmat meydançası, uşaqlar üçün oyun meydançası salınıb. Eyni zamanda, həyətyanı sahələrdə söhbətgahlar, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ ağaclar, kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətlərin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.

Xatırladaq ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən “Bizim həyət” layihəsi icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 156 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

 

Keçidlər