Xətai rayonu R.Babayev adına 25 nömrəli Musiqi Məktəbinin Ulu Öndərin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirildi
22 may 2023-cü il tarixdə Azərbaycan Musiqi Akademiyasında Xətai rayonu R.Babayev adına 25 nömrəli 11 illik Musiqi Məktəbinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirildi.
Tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Xalq artisti Ramiz Quliyev həmçinin məktəbin müəllim və şagird kollektivi iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçmiş 44 günlük Vətən müharibəsinin şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükütla alınıb, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konsert M.Maqomayevin “Azərbaycan” mahnısının məktəbin müəllim və şagirdlərindən ibarət xor kollektivinin ifası ilə başlayıb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna xidmətləri haqqında məlumat verildi. Ulu Öndərin mədəniyyət və incəsənət sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan söhbət açıldı və bu ənənəni davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti bir daha vurğulandı.
Məktəbin istedadlı şagirdlərinin ifasında səsləndirilən Azərbaycan və dünya bəstəkarlarının əsərləri, həmçinin Ümummilli Lider Heydər Əliyev haqqında hazırlanmış videoçarxlar böyük maraqla qarşılanıb.