Xətai rayonunda "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert proqramı təşkil olunub+VIDEO
Azərbaycanda dövlət uşaq siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Uşaqlar bizim gələcəyimizdir” deyən Ulu Öndər tərəfindən bu sahədə mühüm qanunvericilik və institusional tədbirlər görülüb, həmçinin respublikamız bir çox konvensiyalara, o cümlədən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulub.
https://www.youtube.com/watch?v=DDmws-2OFnY
Uşaqlarla aparılan məqsədyönlü işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirilərək, 2009-cu il Azərbaycanda “Uşaq ili” elan olunub, müvafiq normativ hüquqi baza təkmilləşdirilib, dövlət proqramları, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” təsdiq edilib, uşaqların hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. Daim dövlət qayğısı ilə əhatə olunan uşaqların sağlam və firavan mühitdə böyüməsi, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması ilə bağlı çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəcib və xeyirxah əməlləri xüsusi qeyd olunmalıdır.
31 may 2023-cü ildə "Heydər Əliyev ili" çərçivəsində "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" manasibətilə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının təşəbbüsü ilə Xətai rayonunda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin konsert proqramı təşkil olunub.
Tədbirə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid və qazi övladları, və uşaqlar qatılıblar.
Konsertdə Xətai rayonunda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin istedadlı yetirmələri bir-birindən maraqlı, şən musiqi və rəqs nömrələri təqdim ediblər.
Böyük coşqu və vətənpərvərlik əhval-ruhiyyəsi ilə keçən konsert proqramı sakinlər, xüsusən də balacaların qəlbinə sevinc, üzünə təbəssüm gətirib.
Həmçinin, Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əlamətdar gün münasibətilə "McDonalad"s restoranında şəhid övladları üçün daha bir bayram şənliyi təşkil olunub. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov uşaqların bayramını təbrik edib, onlara xoş arzularını çatdırıb. Bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Sonra şəhid övladları üçün əyləncəli oyunlar, səhnəciklər nümayiş olunub.