Xətai rayonunda "15 iyun-Milli Qurtuluş Günü" münasibətilə konsert proqramı təşkil olunub+VİDEO
Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon Təşkilatının təşkilatçılığı ilə "15 iyun-Milli Qurtuluş Günü" münasibətilə konsert proqramı təşkil olunub.
https://www.youtube.com/watch?v=gjV8cwh_s5Y
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhid atası, Xalq artisti Əli Nur, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov, əməkdar artist Azad Şükürov, hərbi-vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlı, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, Milli Müdafiə Universitetinin kursantlarının, ziyalıların və sakinlərin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti haqqında danışılıb. Qeyd olunub ki, milli qurtuluş ideologiyasının təntənəsi hər zaman müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verib, dünyada Azərbaycanın nüfuzunun daha artırılmasında əsas faktora çevrilib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilməyə başladı. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Vurğulanıb ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Konsert proqramı tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzularındakı ifaları ilə davam etdirilib.
Sonda atəşfəşanlıq olub.