Xətai rayonunda 171 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin barelyefinin açılışı olub
05.04.2023-cü il tarixdə Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin barelyefinin açılış mərasimi və Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Neçə yüz illər keçəcək...” adlı tədbir keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, millət vəkili Sadiq Qurbanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, İdarənin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Xətai rayon Gənclər və İdman İdarəsinin, Xətai rayon Polis İdarəsinin, Xətai rayon Veteranlar Şurasının nümayəndələri, I Qarabağ Müharibəsi şəhidi Zaur Məmmədovun ailə üzvləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Öncə barelyefin açılış mərasimi keçirilib, qonaqlar Azərbaycan tarixinin Heydər Əliyev dövrünün gələcək nəsillərə aşılanması baxımından təhsil müəssisəsi tərəfindən belə addımların atılmasını yüksək dəyərləndiriblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyev və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə məktəblilərin ifasında Ümummilli Lider Heydər Əliyevə, vətənpərvərlik mövzusuna həsr olunmuş şeirləri səsləndirilib, mahnılar ifa olunub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Daha sonra məktəbin həyətində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.