Xətai rayonunda 2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirildi
YAP Xətai rayon təşkilatında keçirilən tədbiri ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə gənclər siyasətinin uğurlarından geniş bəhs etdi: “Gənclər siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Gəncləri gələcəyimiz kimi dəyərləndirən dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq gənclərə diqqət və qayğının şahidi olarıq. Hər iki dövr yüksək ixtisaslı, müasir dünyagörüşə, təhsilə malik kadrların yetişdirilməsi ilə xarakterizə edilir. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək gənclərimizi keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərirdi. Həmin dövr, eyni zamanda, hərbi kadrların yetişdirilməsinin prioritetliyi ilə də diqqətdən kənarda qalmadı. Belə ki, Ümummilli Liderin böyük səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin əsası qoyuldu.”
Vüqar Rəhimzadə bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, Azərbaycan gəncləri ölkəmizi bütün sahələrdə ən yüksək səviyyədə təmsil edirlər. “Qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız və Dövlət Himnimiz Azərbaycan idmançılarının uğurlarının bələdçiləridir. İki ildən artıqdır ki, idmançılarımız qalib Azərbaycanı təmsil edirlər.”
Diqqəti 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə yönəldən YAP Xətai rayon təşkilatının sədri bildirdi ki, Qələbə səhifəsini yazan məhz cənab İlham Əliyevin ölkəmizə Prezidentliyi dövründə yetişən gənclərdir. Gənclərimizin Vətən, torpaq sevgisi bütün dünyaya səs saldı.
Vüqar Rəhimzadə gənclərimizi 2 fevral - Gənclər Günü münasibətilə təbrik etdi, onları müasir müstəqil, qalib Azərbaycanın uğurlu gələcəyi naminə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırdı.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev bildirdi ki, bu gün müasir müstəqil, qalib Azərbaycanımıza hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin, ən əsası gənclərimizin xüsusi fəallığının, fədakarlıqlarının şahidi olarıq: “Ulu öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, gələcəyimiz gənclərə bu gün nəyi və necə öyrətməyimizdən asılıdır. Azərbaycan gəncləri sağlam düşüncəli, müasir dünyagörüşə malik gənclərdir. Azərbaycan gəncliyi torpağa, Vətənə bağlılığını, sevgisini 44 günlük İkinci Qarabağ müharibəsi zamanı nümayiş etdirdi.”
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bu günün gənclərini müstəqilliyimizin bərpasının ilk illərinin gəncləri ilə müqayisə edərək bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin “Gənclər gələcəyimizdir” çağırışı özündə bütün məqamları ehtiva edir: “Ümummilli Liderin gənclərin inkişafına xidmət edən biri-birindən əhəmiyyətli Fərman və sərəncamları, təsdiqlədiyi Dövlət proqramları onların uğurlu gələcəyinin təminatında möhkəm baza oldu. Bu gün həmin xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gənclərimizin bütün sahələrdə davamlı uğurlara imza atmalarında, cəmiyyətin avanqard qüvvəsinə çevrilməsində öz əksini tapıb. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclərimiz bu inamı, güvəni 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdi.”
Bəhruz Məhərrəmov gənclərimizi daim fəal olmağa, qalib Azərbaycanın qarşısında dayanan hədəflərin uğurla həyata keçirilməsinə öz töhfələrini verməyə çağırdı.
56 saylı məktəbin ingilis dili müəllimi Rəna Məhərrəmova, kənd Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsənli, 165 saylı məktəbin informatika müəllimi İlahə Hüseynova, gənc fəal Həsən Əliyev çıxış edərək bildirdilər ki, gənclərimi azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, dilimizi qoruyaq, daim inkişaf etməlidirlər.
Sonda YAP Xətai rayon təşkilatının həyatında fəallıq nümayiş etdirən bir qrup gəncə 2 Fevral - Gənclər Günü münasibətilə Fəxri fərmanlar təqdim olundu və xatirə şəkli çəkdirildi.