Xətai rayonunda 28 May- Müstəqillik Günü qeyd olunub
Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May- Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.
YAP Xətai rayon təşkilatının akt zalında keçirilən tədbirdə Dövlət Himnimizin səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, bu gün xoşbəxtik ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti məlum səbəblərdən cəmi 23 ay yaşadı. Bu gün AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan xalqımızın ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması Ümummilli Liderin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətini məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsi ölkəmizin beynəlxalq aləmdə tanıdılması baxımından da müstəsna əhəmiyyət kəsb etdi. Azərbaycanın zəngin dövlətçilik tarixinin və ənənələrinin olduğunu bir daha dünyaya bəyan etdi. Rafiq Quluyev vurğulayıb ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan antimilli ünsürlərin rəhbərliyi Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran və torpaqlarımızın işğalı xalqın sabaha ümidlərini itirmişdir. Belə çətin bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı yenidən qurdu, adını tarixə müstəqilliyimizin xilaskarı kimi yazdı. Əgər o zaman Ümummilli Lider yenidən hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq sual doğurardı. Rayon İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcək müstəqilliyini düşünərək bu istiqamətdə atdığı addımlardan bəhs edib. Bildirib ki, müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir: “Dahi şəxsiyyət bütün həyatını Azərbaycanın müstəqilliyinin qorunmasına, möhkəmləndirilməsinə, ölkəmizin işıqlı gələcəyinə həsr etmişdir. Ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” fikirləri dövlət siyasətinin ana xəttini təşkil edir. Bu baxımdan müstəqillik tariximizin ayrı-ayrı mərhələləri daim tarixi paralellər fonunda təhlil edilməli, indiki və gələcək nəsillərə çatdırılmalıdır. Azərbaycan gəncliyi müstəqillik yolumuzun heç də hamar olmadığını bilməli, tariximizi dərindən öyrənməlidir.
Rafiq Quluyev Azərbaycanın müstəqillik tarixinin 2003-cü ildən sonrakı mərhələsinə xüsusi diqqət yönəldərək 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi keçilən 104 illik yolda qazanılan uğurların zirvəsi kimi dəyərləndirib. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində yazılan şanlı tarix xalqımızın yenilməzliyinin, məğrurluğunun nümayişi oldu. Bu gün Müstəqillik Gününü ərazi bütövlüyümüzün bərpası fonunda qeyd edirik. Bundan böyük xoşbəxtlik ola bilərmi? Xalqımız, dünya azərbaycanlıları torpaq həsrətinə son qoyulduğu üçün qürurludur. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır.
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə kimi dəyərləndirərək bildirib ki, biz haqlı olaraq Azərbaycan xalqının müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olması ilə qürur duyuruq. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir. Dövlət bayrağı təsis edilmiş, milli ordu yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi üçrəngli bayrağımız bu gün azad Qarabağda, azad Şuşada dalğalanır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qəlbləri fəth edən bu bayrağı azad edilmiş bütün bölgələrdə qürurla qaldırması harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sevindirir, qürurumuzun, kimliyimizin özümüzə qayıtmasını toy-büsatla qeyd edirik. Bu gün azad Şuşamız beynəlxalq diplomatik mərkəzə çevrilib. Müxtəlif tədbirlərə ev sahibliyi etməklə 28 il əsarətdə olsa da milli qürurumuzu qoruyub saxlamasından keçirdiyi xoşbəxtlik hissini tarixi sahibləri və buranı ziyarət edən qonaqlarla paylaşır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104 illiyini biri-birindən mühüm uğurlarımız, tarixi Zəfərimiz fonunda qeyd edirik” söyləyən YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, AXC 23 aydan sonra süqut etdi. Bu hadisə onu göstərdi ki, Ulu Öndərin dediyi kimi, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə XI Qızıl Ordunun işğalı nəticəsində endirildi. Ondan sonra ilk dəfə olaraq bu bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırmış və təsis etmişdir. Müstəqilliyə gedən yol bu tarixi andan başlamışdır. Bu baxımdan ki, Ulu Öndər belə bir cəsarətli addımı ilə hələ Sovetlər Birliyi dövrünün çətin anlarında öz xalqına, dövlətinə, onun gələcəyinə nə qədər bağlı olduğunu, böyük önəm verdiyini nümayiş etdirmişdir.
Vüqar Rəhimzadə vurğulayıb ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində digər müttəfiq respublikalarla birlikdə Azərbaycan da müstəqilliyinə qovuşdu: “XX əsrdə ikinci dəfə müstəqillik qazanan Azərbaycan ilk illərdə yenə də onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1992-ci ildə AXC-Müsavat cütlüyünün hakimiyyəti zəbt etməsindən sonra vəziyyət daha da ağırlaşdı. Məhz o dövrdə ölkəmizdə xaos, anarxiya, böhran hökm sürür, iqtisadiyyat iflic vəziyyətdə idi. Azərbaycan xalqı çıxış yolu axtarırdı. Xalqımız nicat yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü. 1993-cü ilin 15 iyun günü müasir tariximizdə dönüş nöqtəsi oldu. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu möhkəmləndi. Ulu öndər Heydər Əliyevin xalq, dövlət qarşısında xidmətlərinin ümumiləşdirilmiş ifadəsi bugünkü reallıqlarımızdır. Müstəqilliyimizin əbədiliyi, sarsılmazlığı təmin edildi, Azərbaycan bir dövlət olaraq imzasını imzalar arasında görməklə gələcəyə doğru inamla irəliləyir. Ulu öndər Heydər Əliyev 2003-cü ildə “Mən ona özüm qədər inanıram” söyləyərək xalqımıza qarşıdakı dövrdə müstəqilliyimizin möhkəmləndirilməsinin, ərazi bütövlüyümüzün təmin olunmasının, ən əsası Azərbaycanın qalib ölkə kimi tanıdılmasının ünvanını göstərdi. Prezident İlham Əliyevin son 18 ildən artıq dövrdə Azərbaycanın gələcəyi üçün gördüyü işlər göz önündədir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradımasından ötən 104 ilin zirvəsindən geri baxanda ərazi bütövlüyü təmin olunan, müstəqilliyi daimi və dönməz olan Azərbaycanı görməkdən qürur hissi keçiririk.”
Çıxışçılar bir daha xalqımızı 28 May –Müstəqillik Günü münaibətilə təbrik edərək bildiriblər ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan inkişaf yolunda iri addımlarla irəliləyir. Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan daxili və xarici siyasət dayanır. İnkişafın Azərbaycan modeli beynəlxalq səviyyədə təqdir edilir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyasının genişliyi tezliklə Böyük Qayıdışdan xəbər verir. Azad Qarabağımız, azad Şuşamız dirçəlir, əvvəlki şöhrətini qaytarır. Xalqımız torpaqlarına qovuşduğu üçün başı uca, alnı açıqdır.
Tədbir 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında müstəqilliyimizə həsr olunan şeirlərin səsləndirilməsi, mahnıların ifası və rəqslərlə davam edib.
Azərbaycanın müstəqillik tarixini özündə əks etdirən videoçarx nümayiş olunub.