Xətai rayonunda "28 may- Müstəqillik günü"nə həsr edilmiş rəsm müsabiqəsinin yekun sərgiləri keçirilib
Xətai Sənət Mərkəzində rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 28 may Müstəqillik gününə həsr edilmiş “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri keçirilib.
Sərgilərdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Cəfərova, Dövlət Rəsm Qalereyasının müdir müavini Gülşən Qəribli, Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov və gənc rəssamlar iştirak ediblər. Mövzusu akvarel texnikasında güllər olan müsabiqəyə şəhər və bölgələrimizdən, eləcə də Türkiyə, İran, Peru, Litva, Gürcüstan, Yaponiya, Vyetnam və Hindistandan 8-21 yaş arası 2500 uşaq, yeniyetmə və gənc tərəfindən əsər göndərilib və sərgilənmək üçün 800 əsər seçilib. Əsərləri seçilən və sərgidə nümayiş olunan müəlliflər sertifikatla təltif olunublar.
Tədbirdə vurğulanıb ki, 1918-ci ildə yaradılan, 1991-ci ildə ikinci dəfə müstəqilliyini bərpa edən və 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inamlı addımlar atan ölkəmiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ən qüdrətli dövrünü yaşayır. İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət, mütərəqqi islahatlar, reallaşdırdığı qlobal miqyaslı layihələr Azərbaycanın dünyada siyasi çəkisini getdikcə artırır və ölkəmiz beynəlxalq müstəvidə söz sahibinə çevrilir. Bu tədbir uşaq, yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılması, sənət bacarıqlarının düzgün formalaşması və mənəvi inkişafı üçün gözəl fürsətdir.
Sərgilərdən ən yaxşı əsərlərin müəllifləri “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalında iştirak edəcək.