Xətai rayonunda 28 May- Müstəqillik Gününə həsr olunan “El bilir ki, sən mənimsən…” mövzusunda dəyirmi masa keçirilib
Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə bu mövzuda dəyirmi masa keçirilib.
Mayın 27-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May- Müstəqillik Gününə həsr olunan “El bilir ki, sən mənimsən…” mövzusunda dəyirmi masa keçirilib.
YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümünü qeyd edirik. 106 illik yol Azərbaycanın müstəqillik tarixinin hər bir anının təhlilini, hər bir səhifəsinin vərəqlənməsini bir zərurət kimi qarşıya qoyur. Azərbaycan xalqı zəngin tarixi ilə daim diqqətdə olub, bu gün də diqqətdədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi üçrəngli bayrağımız bu gün azad Qarabağda, azad Şərqi Zəngəzurda dalğalanır. Azərbaycan Xalq Cümhuriyyətinin 106-cı ildönümünü ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının sevinci ilə qeyd edirik. 2020-ci ildə imza atdığımız şanlı Zəfərimizin ardınca tariximizin daha möhtəşəm Zəfər səhifələri yazıldı. 2023-cü ilin 23 aprel tarixində ərazi bütövlüyümüzü, sentyabrın 20-də isə suverenliyimizi tam bərpa etdik. Müzəffər Ali Baş Komandan İlham Əliyev müstəqillik tariximizin daha bir qürurverici anını xalqımıza təqdim etdi. Ötən ilin 15 oktyabr tarixində - cənab İlham Əliyevin Prezidentlik dövrünün 20 illiyində Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaldıldı. Zəfərdən Zəfərə doğru atılan addımlar bu gün dünya miqyasında Azərbaycanın şöhrətini daha da artırır. Son günlərin qürurverici hadisəsi isə mayın 24-də Azərbaycan Bayrağının Qazaxın işğaldan azad olunan 4 kəndində ucaldılması oldu. Bu gün təkcə müstəqillik tariximizin son üç ilinin uğurlarına söykənərək böyük əminliklə qeyd edirik ki, müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır. Müstəqilliyimizin qorunması Ümummilli Lider Heydər Əliyevin canından artıq sevdiyi Azərbaycanın uğurlu gələcəyi üçün müəyyəndəşdirdiyi möhkəm təmələ əsaslanır.
Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə XI qızıl ordunun işğalı nəticəsində endirilmişdi. Ondan sonra ilk dəfə olaraq bu bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında yenidən rəsmi dövlət bayrağı kimi qaldırdı. Müstəqilliyin bərpasına gedən yol bu tarixi andan başladı.
YAP Xətai rayon təşkilatının sədri Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın böyük inkişaf yoluna çıxmasından, uğurlarımızın davamlılığından danışıb. Qeyd edib ki, hər bir ölkənin inkişafında lider amili əsasdır. Ölkəsinin, xalqının gələcəyini düşünən Lider daim yeni ideyalar axtarışında olacaq, qazanılan uğurlardan stimul alaraq daha yeni-yeni hədəflər müəyyənləşdirəcək. Ümummilli Lider Azərbaycanın dünyaya Gunəş kimi doğmasını təmin etdi, müstəqil dövlət kimi tanıtdı və söz sahibinə çevirdi.
Xətai Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağızadə Ümummilli Lider Heydər Əliyevin "Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir" fikirlərini önə çəkərək müstəqilliyimizin bərpasının ilk illərində yaşadığımız çətin vəziyyətdən bəhs edib. Bildirib ki, o illər Azərbaycanın müstəqilliyinə təhlükələrin yarandığı dövr kimi xarakterizə edilir. Azərbaycan həmin dövrün iqtidarının yarıtmaz siyasəti nəticəsində müstəqilliyini itirmək təhlükəsini yaşadı. Bu reallıq hər kəsə məlumdur ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Azərbaycan parçalanır, vətəndaş müharibəsi yaşanırdı. Belə çətin gündə Ümummilli Lider xalqın səsinə səs verərək Bakıya qayıtdı. Bu qayıdış ölkəmizin, xalqımızın taleyində əhəmiyyətli rol oynadı. Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi dövlət siyasətinin əsasına çevrildi. Bu birlik, həmrəylik Azərbaycanın müstəqilliyini daimi və əbədi etdi. Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Ulu Öndərin rəhbərliyi ilə bu birliyin yaradılması, bir sözlə, diaspor quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Son 20 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın hər bir sahədə davamlı uğurlara imza atmasını şərtləndirdi. Birliyimiz, həmrəyliyimiz tarixi Zəfərimizdə öz sözünü dedi. Ümummilli Lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı bütün dövrlər üçün öz aktuallığını qoruyur.
Şəhid mayor Rüfət Əsgərovun atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov qeyd edib ki, bir xalq olaraq azadlığımız, müstəqilliyimiz uğrunda illərlə mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək, dövlət qurmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər çətindir. Qüdrətli və möhkəm əsaslara söykənən dövlət olmadan müstəqilliyi də əldə saxlamaq mümkünsüzdür. Azərbaycanın bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə bunun bir daha şahidi oluruq. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Ulu Öndər hakimiyyətə qayıdışı ilə bugünkü uğurlarımızın möhkəm təməlini yaratdı. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Məhz həmin ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. Bu gün böyük qürur hissi ilə müasir müstəqil, qalib Azərbaycanın uğurlarından bəhs edirik.
AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Cümhuriyyətin elanından bugünə qədərki tarixi dövr haqqında məlumat verib. Xalqımızın maarifpərvər ziyalılarının, dövrün siyasi xadimlərinin, yazıçı və şairlərinin daim milli kimliyimizin, dövlətçilik ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində apardıqları gərgin mübarizədən bəhs edib.
Cəbi Bəhramov vurğulayıb ki, 18 oktyabr 1991-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı mühüm sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyinin bərpasını özündə ehtiva edir. Eyni zamanda, bununla 1918-1920-ci ildə mövcud olmuş müstəqil dövlətimiz yenidən bərpa olundu. Konstitusiya Aktında da vurğulanır ki, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Beləliklə, xalqımız vaxtilə süqut etmiş dövlət müstəqilliymizi bərpa etdi. Amma bu müstəqilliyin qazanılmasına doğru gedən yol heç də hamar deyildi, o illərdə Azərbaycan bir çox çətinliklərlə üz-üzə qalmışdı. Ölkə dağıdılmış, viran edilmiş, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdı. Xüsusilə 1988-ci ildə keçmiş SSRİ mərkəzi hakimiyyətinin dəstəyi ilə Azərbaycana ərazi iddiaları irəli sürən Ermənistan xalqımıza qarşı qanlı cinayətlər törətdi. Qərbi Azərbaycan torpaqlarında yaşayan bütün azərbaycanlılar etnik təmizləməyə məruz qaldılar və deportasiya edildilər. Lakin soyqırımı cinayətləri, 1990-ci ildə törədilən 20 Yanvar faciəsi, keçmiş SSRİ mərkəzi hakimiyyətinin və onların əlaltısı olan ermənilərin qanlı əməlləri xalqımızı azadlıq yolundan döndərə bilmədi. Beləliklə, müstəqilliyimizin bərpası tökülən qanlar hesabına əldə olundu.
O da qeyd edilib ki, müstəqilliyimizin bərpasından sonra ilk illər Azərbaycan üçün çox çətin idi. Ölkədə xaos, anarxiya, hərc-mərclik baş alıb gedirdi. Bir sözlə, vəziyyət dözülməz idi və təbii ki, belə bir şəraitdə müstəqilliymizin daimi olmasından söhbət gedə bilməzdi. Ona görə də cəmiyyətin sağlam təbəqələrinin nümayəndələri vəziyyətdən çıxış yolunu böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdülər. Nəhayət, xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyev Bakıya qayıtdı və iyunun 15-də Azərbaycan parlamentinin Sədri seçildi. Həmin ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev Azərbaycan Prezidenti seçildi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevə çox ağır fəlakətlərlə üz-üzə olan Azərbaycan miras qalmışdı. Amma böyük dövlət xadimi Heydər Əliyevin milli dövlətçilik istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan bütün çətinlikləri dəf etdi. Azərbaycan xalqı sübut etdi ki, dövlət yaratmaq və idarə etmək iqtidarında olan xalqdır.
YAP üzvü Səmayə Abbasova çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurduğu müasir müstəqil Azərbaycan dövləti bu gün dünya miqyasında böyük nüfuza malikdir. Prezident İlham Əliyev Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilin işğalına son qoydu, tarixi ədaləti bərpa etdi. Ötən ilin aprelində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradalması ilə ərazi bütövlüyümüz, sentyabr ayında isə Silahlı Qüvvələrimizin həyata keçirdikləri lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi.
Çıxışlarda bu mühüm məqam xüsusi qeyd edilib ki, suverenliyimizin bərpası ilə ölkəmizin həyatında yeni dövr başlayıb. Cənab İlham Əliyevin böyük inamla qeyd etdiyi kimi, yeni dövr uğurla başlayır, uğurla da davam edəcək.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqəsi təqdim edilib.