Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “44 Zəfər Plakatı” adlı sərgi açılıb

08 noyabr 2023 | 08:49

Xətai Sənət Mərkəzində Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatı, "Azərbaycan-Turkiyə" Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin  təşkilatçılığı ilə Gənc Rəssamlar Birliyinin üzvü Emin Aslanovun “44 Zəfər Plakatı” adlı fərdi sərgisi açılıb.

Sərgidə Xətai Rayon İcra Hakimiyyətinın başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xalq rəssamı Arif Hüseynov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov, "Azərbaycan-Turkiyə" Cəmiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, gənc rəssamlar iştirak ediblər.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinın başçısı Rafiq Quluyev 3 ildir "Zəfər Günü"nü böyük qururla qeyd etdiyimizdən söhbət açdı. Qeyd etdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Gənc rəssam Emin Aslanovun yaratdığı 44 Zəfər plakatı Vətən müharibəsinin ən yaddaqalan şüarlarını, Ali Baş Komandanın qətiyyətli əzmini, müzəffər Azərbaycan ordusunun qüdrətini əks etdirir. Bu plakatlar real, hamımızın qürurla yaşadığı tarixi günlərin sənədli faktlarıdır.

Digər çıxış edənlər vurğulayıblar ki, hərb tariximizin şərəfli səhifəsi olan və bizi qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar. İstedadlı gənc nəsil, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsində böyük rol oynayacaqdır və bu tipli tədbirlər bunun əyani nümunəsidir. Sərgi Vətən müharibəsinin ən yaddaqalan şüarını, Ali Baş Komandanımızın qətiyyətli əzmini, müzəffər Azərbaycan Ordusunun qüdrətini əks etdirir.

Gənc rəssam Emin Aslanovun bədii-psixoloji tutumlu plakatlar silsiləsindən 44 günlük Vətən müharibəsinin tarixi-mənəvi mənasını gələcəyə daşıya biləcək qrafik sənət nümunələri sərgi iştirakçıları tərəfindən maraqla qarşılandı.

Keçidlər