Xətai rayonunda 98 saylı orta məktəbdə Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub
08.05.2024-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Milli Qəhrəman İlqar Anzor oğlu Mirzəyevin doğum günündə qəhrəmanın adını daşıyan 98 saylı tam orta məktəbdə büstünün açılışı olub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi polkovnik Yalçın Sadıqlı, Heydər Əliyev adına Hərbi İnstitutun rəis əvəzi Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Müdafiə Nazirliyinin əməkdaşları, şəhid ataları, qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, ərazi bütövlüyümüzün, müstəqilliyimizin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək bildirib ki, Milli Qəhrəman İlqar Mirzəyev və onunla birgə şəhid olmuş digər qardaşlarımız qələbəmizin təməlini qoydu. Onların qəhrəmanlıqları, şərəfli döyüş yolu haqqında saatlarla, günlərlə danışmaq olar. Şəhidlərimizin xatirəsi kiçikdən böyüyə hər bir Azərbaycan vətəndaşının ürəyində əbədi yaşayacaqdır. Öz canları, qanları bahasına qələbəni bizə yaşadan şəhidlərimizin adını müxtəlif formatlarda anır, xatirələrini əbədiləşdirmək üçün tədbirlər keçiririk. Əsas məqsədimiz odur ki, şəhidlərimizin şücaətini, keçdikləri şərəfli döyüş yolunu gələcək nəsillərin yaddaşına həkk edək. Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın əziz xatirəsi əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq, onların adları dövlətimiz tərəfindən daim uca tutulacaq və ehtiramla yad ediləcək. Allah şəhidlərimizə rəhmət eləsin.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə mərasimdə çıxış edərək bildirib ki, İlqar Mirzəyevin timsalında bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Şəhidlərimizin valideynləri qürur hissi keçirə bilərlər ki, Vətənini, xalqını sevən belə cəsur övladlar böyüdüblər.
Digər çıxış edənlər Milli Qəhrəmanın keçdiyi döyüş yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.