Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Ağsaqqallar Şurası ilə birgə “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş tədbir keçirilib

29 oktyabr 2025 | 17:27

29 oktyabr 2025-ci il tarixində Xətai rayon İcra Hakimiyyətinin və Xətai rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın və Ağsaqallar Şurasının sədri Mürvət Əsgərov, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, Respublika Ağsaqqallar Şurası hüquq şöbəsinin məsləhətçisi Kamal Əliyev və Şura üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mürvət Əsgərov Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunduğunu xatırladaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının tarixi əhəmiyyətindən bəhs edib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva çıxışında xalqımızın qəhrəman oğulları ilə fəxr etdiyini, onların Vətən uğrunda göstərdikləri şücaətin dövlət müstəqilliyimizin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.

Digər çıxış edənlər dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə müşahidə olunan inkişafdan, ağsaqqalların ictimai-siyasi həyatda fəal rolundan və onlara göstərilən dövlət qayğısından danışıblar. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların mühüm rol oynadığı qeyd olunub.

Tədbir xatirə şəkli ilə yekunlaşıb.

Keçidlər