Xətai rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü ilə əlaqədar elmi-praktiki konfrans keçirilib.
28.04.2025-ci il tarixdə YAP Xətai rayon təşkilatının inzibati binasında Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunan dəyirmi masa keçirilib.
YAP Xətai rayon təşkilatında keçirilən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin açılış sözünə başlayan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev bildirdi ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti zəngin və əhatəli olub, oftalmologiyanın ən güncəl mövzularına həsr edilmiş çoxşaxəli, konseptual tədqiqatları tibb elmimizi zənginləşdirib. Bir-birindən dəyərli 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı elm yolu bu gün də yeni nəsilləri elmin zirvəsinə doğru aparmaqdadır. Alimin zəngin elmi irsi ilə yanaşı, pedaqoji fəaliyyəti də çoxsaylı araşdırmaların mövzusu olaraq tədqiq edilir, yeni tədqiqatlara stimul və material verir.
Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, görkəmli oftalmoloq vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Zərifə xanım Əliyeva ümumilikdə 200-ə qədər elmi işin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təkliflərin müəllifidir. Tanınmış alim yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına da böyük töhfələr verib. Zərifə Əliyeva oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadındır. Onun həyat ideyaları və şəxsiyyəti bu gün də müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir. Azərbaycan xalqına xas nəcib keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmləşmişdi. İnsanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə xatirələrdə əbədi yaşayan Zərifə xanım Əliyeva nümunəvi həyat yolu keçib.
Tədbirdəi çıxış edən Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov Zərifə xanımın Azərbaycanın tibb sahəsində misilsiz fəaliyyətini vurğulayıb. Millət vəkili qeyd edib ki, Zərifə xanım öz üzərinə düşən missiyasını yüksək səviyyədə həyata keçirib, hər bir Azərbaycan xanımına örnək ola biləcək bir həyat yaşayıb. Zərifə xanım Əliyeva görkəmli oftalmoloq alim olmaqla yanaşı əsl Azərbaycan qadını kimi gözəl ana, qayğıkeş bacı, fədakar ömür-gün yoldaşı və etibarlı dost, təvazökar insan olmuşdur. Ulu Öndər Heydər Əliyev öz xatirələrində Zərifə xanım haqqında belə demişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”. Zərifə xanım Əliyeva gözəl təşkilatçı, ictimaiyyətçi olmaqla yanaşı, həm də əsl Azərbaycan qadınının rəmzi idi.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə bu günü Azərbaycan elminin böyük bayramı kimi dəyərləndirərək bildirdi ki, Zərifə xanım Əliyevanın rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanımın mənalı ömür yolunun xalqa, Vətənə xidmətlə zəngin olan silinməz izləri, həyat təcrübəsi tələbələrinin hərtərəfli inkişaf etmiş mütəxəssis kimi yetişməsində, Azərbaycan səhiyyəsinin inkişafına töhfələr verməsində öz sözünü deyir.
Millət vəkili Pərvanə Vəliyeva qeyd etdi ki, bütün mənalı həyatı boyu yorulmaq bilmədən çalışan, elmin sirlərinə dərindən yiyələnmək üçün səylərini artıran, daim yeniliyə maraq göstərən Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Tədbirdə çıxış edən digər natiqlər - şəhid atası, Xətai Rayon Ağsaqallar Şurasının sədri Mürvət Əsgərov, şəhid atası, Xətai Rayon Ağsaqqallar Şurasının üzvü Meyvəddin Ramaldanov, Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynov, Referans Klinikasının həkimi, cərrah Kənan Yusifzadə və Neftçilər Xəstəxanasının baş həkimi Hikmət Nağıyev də Zərifə xanımla bağlı öz fikirlərini səsləndiriblər.
Dəyirmi masaya yekun vuran YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev qeyd etdi ki, təbabətdə öz dəst-xətti olan novator alimin yorulmadan apardığı tədqiqatlar, yaratdığı əsərlər müasir dövrdə də aktuallığını itirməyib. İllər bir-birini əvəz etsə də, əvəzolunmaz alimin əziz xatirəsi daim ehtiramla yad olunur. İndi onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Böyük alimin əziz xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır!