Xətai rayonunda Aprel şəhidlərinin anım günü ilə əlaqədar ehsan süfrəsi təşkil olundu
04.04.2025-ci il tarixdə Xətai rayonunda Aprel şəhidlərinin anım günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi Nicat Həsənov, rayon ağsaqqalları, şəhid ailələri, qazilər iştirak ediblər.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbir iştirakçıları ilk öncə 2016-cı il Aprel döyüşlərinin ildönümü ilə əlaqədar qəhrəman şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükütla yad ediblər. İcra başçısı Rafiq Quluyev qeyd edib ki, Azərbaycan Ordusunun parlaq tarixi Qələbələrindən biri olan şanlı Aprel döyüşlərindən 9 il ötür. Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşatdı və Ordumuzun gücünü, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdi. Xalqımız həm Aprel döyüşlərində, həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü il 24 saatlıq sentyabr əməliyyatlarında Ordumuzun, Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi. Bu birlik bizim iradəmizi, əzmimizi sarıslmaz etdi, gücləndirdi. Bu gün Xankəndidə, Şuşada, Xocalıda və azad olunmuş bütün ərazilərimizdə üç rəngli şanlı bayrağımız qələbəmizin rəmzi olaraq qürurla dalğalanır. Lələ Təpədən başlanan Zəfər yürüşümüz tarixi Şuşa qalasında, Xankəndidə qələbə ilə başa çatdı. Bu Azərbaycan tarixinin ən şanlı və qürurlu tarixidir. Torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizə Allah rəhmət etsin.
Digər çıxış edənlər qeyd ediblər ki, xalqımız Vətənimizin ərazi bütövlüyünün təmin olunmasında şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının rəşadət və şücaətlərini yüksək dəyərləndirir, şəhidlərimizin ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına, dövlət başçımıza və millətimizə Uca Allahdan xeyir-dualar diləyir.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhid ailələri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.