Xətai rayonunda “Baharın rəngləri” adlı Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirinin yekun sərgiləri keçirilib
Xətai Sənət Mərkəzində Xətai Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Baharın rəngləri” adlı Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirinin yekun sərgiləri keçirilib.
Sərgilərdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Cəfərova, Azərbaycan Dövlət Rəsm Qalereyasının Elmi-bərpa, metodiki və ekspozisiya şöbəsinin müdiri Elçin Hüseyn, Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov, rəssamlar Akif Yarişov və Əbdüləli Əliyev, həmçinin gənc rəssamlar iştirak ediblər.
Çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Cəfərova qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. “Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Hal-hazırda azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə məruz qalmış zəngin meşələrin bərpa edilməsi əsas prioritetə çevrilib. Bu ərazilərdə “Ağıllı kənd” və “ağıllı şəhər” kimi müasir innovasiyalı layihələrin tətbiq edilməsi ekosistemə yeni yanaşma olmaqla iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə yeni töhfədir.
Digər çıxış edənlər qeyd ediblər ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu turnir uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, həmçinin bədii zövgün inkişafına şərait yaratmaq məqsədi ilə təşkil olunub.
Turnirinə 700-dən çox 10-21 yaş arası uşaq, yeniyetmə və gənc qatılıb. İştirakçılar 15 nəfərlik qruplarla Xətai Sənət Mərkəzində plenerlərdə iştirak edərək, akvarel boyaları ilə baharı tərənnüm edən əsərlər çəkiblər. Əsərləri seçilən və sərgidə nümayiş olunan müəlliflər sertifikatlarla təltif olunub və onlara hədiyyələr təqdim edilib.