Xətai rayonunda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla həyata keçirilir
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı layihənin icrası Xətai rayonunda uğurla həyata keçirilir.
Xətai rayonunda layihənin tətbiqinin ilk aylarında çeşidlənmiş tullantının həcmi bir gündə 6-8 ton, sonradan isə tədricən 11-14 ton olmuşdusa, hazırda bu rəqəm gündəlik təqribən 20-24 ton arası təşkil edir. Bu da ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda Xətai rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər.
Ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün 104 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yenilənməsinə böyük kömək olmuşdur. Növbəti ildə də yeni texnikaların alınması nəzərdə tutulub.
Qeyd edilən layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığımızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcəkdir.