Xətai rayonunda Bilik Günü münasibətilə tədbirlər keçirilib
Sentyabr 16-da yeni tədris ilinin başlanması və "Bilik Günü" münasibəti ilə Xətai rayonunun bütün təhsil müəssisələrində təntənəli tədbirlər keçirilib.
Humanitar Fənlər təmayüllü məktəb-liseydə keçirilən tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov, şəhid anası Cəfərli Zenfira və məktəb kollektivi iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimmizin xatirəsi yad edilib.
Çıxış edənlər yeni dərs ilinin başlanması münasibətilə məktəbin müəllim və şagird kollektivini təbrik edib, onlara uğurlar arzulayıb. Məktəblilərə gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzulayıb, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, təhsilə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini, bu strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Qeyd olunub ki, təhsil sahəsində aparılan genişmiqyaslı işlər ölkəmizdə savadlı, istedadlı və vətənpərvər gənc nəslin yetişməsinə zəmin yaradır və dövlətimiz Azərbaycanın sürətli inkişafında əsas baza rolunu oynayır.
Daha sonra məktəbin respublika səviyyəli müxtəlif olimpiada və müsabiqələrdə qalib olmuş şagirdlərinin mükafatlandırma mərasimi keçirilib. Çıxış edən şagirdlər gənclərə göstərdiyi diqqət və qayğıya, geniş imkanlar yaratdığına görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonra yeni dərs ilinin zəngi çalınıb, müəllim və şagirdlər sevinc hissi ilə sinif otaqlarına daxil olublar.