Xətai rayonunda "Bilik Günü" təntənəli şəkildə qeyd olunub
Sentyabr 15-də yeni tədris ilinin başlanması və "Bilik Günü" münasibəti ilə Xətai rayonunun bütün təhsil müəssisələrində təntənəli tədbirlər keçirilib.
Heydər Əliyev adına liseydə keçirilən tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə iştirak ediblər.
İlk öncə liseyin həyətində Ulu Öndərin büstü qarşısına tər çiçəklər düzülüb, xatirəsi yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev tədbirdə çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə məktəbin müəllim və şagird kollektivini təbrik edib, onlara uğurlar arzulayıb. Məktəblilərə gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzulayan icra başçısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, təhsilə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini, bu strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, təhsil sahəsində aparılan genişmiqyaslı işlər ölkəmizdə savadlı, istedadlı və vətənpərvər gənc nəslin yetişməsinə zəmin yaradır və dövlətimiz Azərbaycanın sürətli inkişafında əsas baza rolunu oynayır.
Rayonun digər məktəblərində keçirilən tədbirlərdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib, məktəblilərin sevincinə şərik olub, onlarla bağlı arzularını bölüşüblər.