Xətai rayonunda birincilərə hədiyyə təqdim olunub
Sentyabrın 5-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin ənənəyə uyğun olaraq bu il Xətai rayon məktəblərində birinci sinfə gedəcək şəhid, qazi, aztəminatlı ailələrin uşaqlarına hədiyyə təqdim edib.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə məktəb illərinin başlanğıcında olan birinciləri təbrik edib və onlara xoş arzularını çatdırıb. Təhsil millətin gələcəyidir. Ümummilli Lider Heydər Əliyev uşaqları gələcəyimiz kimi dəyərləndirir, onların hərtərəfli inkişafı üçün zəruri addımların atılmasını qarşıya mühüm vəzifə kimi qoyurdu. Bu vəzifələr sırasında uşaqların təhsili, onların vətənpərvərlik ruhunda tərbiyəsi prioritet məsələ kimi öndə dayanırdı. Ümumilikdə təhsil hər bir dövlətin inkişaf səviyyəsinin göstəricisidir. Bu gün Azərbaycanda savadlılıq səviyyəsinin 100 faiz olması təhsil sahəsində aparılan islahatların, görülən tədbirlərin uğurlu nəticələridir. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilin inkişafını daim diqqətdə saxlayaraq bu sahədə əsas göstərici olan məktəblərin tikintisinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirirlər. Hər yeni tədris ilində neçə-neçə məktəbin tikintisi, yaxud əsaslı təmir edilərək istifadəyə verilməsi, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın onların açılışında iştirakı ölkəmizdə təhsilin nə qədər xüsusi önəm kəsb etdiyini açıqlayır. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində iki mindən artıq məktəbin tikilməsi, yaxud əsaslı təmiri də bunun bariz nümunəsidir.
Vüqar Rəhimzadə bir daha birinciləri, onların valideynlərini qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edərək, ilk dəfə məktəbə ayaq basacaq birincilərə təhsil illərini yüksək göstəricilərlə başa vurmağı arzulayıb.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin yeni tədris ilinin başlanması münasibətilə birincilərə xoş arzularını çatdırıb. Bildirib ki, yeni həyata qədəm qoyursunuz. Azərbaycanda təhsilin inkişafı istiqamətində atılan addımlar və onların uğurlu nəticələri qürurvericidir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu sahəyə xüsusi diqqət göstərirlər.
M.Zabelin bildirib ki, bugünün birinciləri sabahın müxtəlif ixtisas sahibləri olacaq. Əldə etdiyiniz bu bilikləri doğma Vətənimiz Azərbaycanın daha da inkişafına, qüdrətlənməsinə yönəltməyinizi arzulayıram. Birincilərə yeni tədris ilində təqdim olunan hədiyyənin, təbii ki, öz rəmzi mənası vardır. Bu, hər zaman yaddaşınızda dərin izlər qoyacaq.
Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov qeyd edib ki, təhsilimizə göstərilən qayğı, məktəblilərin və tələbələrin yüksək savada, biliyə sahib olmaları üçün yaradılan şərait əldə olunan göstəricilərdə də özünün aydın ifadəsini tapır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ümumtəhsil məktəblərində yaradılan möhkəm təməl ali təhsil ocaqlarına yüksək balla daxil olmağa, elmin sirlərinə dərindən yiyələnməyə, ən əsası qalib Azərbaycanın daha da güclənməsinə, qüdrətlənməsinə dəstək göstərməyə böyük stimul verir.
Tədbirin sonunda birincilərə məktəb ləvazimatları ilə zəngin çantalar təqdim olunub və xatirə şəkli çəkilib.