Xətai rayonunda "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
Aprelin 12-də IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, həmçinin tədbir zamanı keçirilmiş ağacəkmə aksiyasında iştirak edib.
Yenilənmiş həyət Xətai rayonu, Rahib Məmmədov küçəsi ev 24, 26 və Aşıq Ələsgər küçəsi 2 ünvanlarında 1300 nəfər sakinin yaşadığı üç çoxmərtəbəli yaşayış binasını əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qruplarından olan şəxslərin açıq havada istirahəti üçün əlverişli şərait yaradılıb, o cümlədən çoxsaylı söhbətgah və oturacaqlar, tullantı qutuları quraşdırılıb. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü minifutbol, basketbol, şahmat və uşaq əyləncə meydançaları, müxtəlif idman qurğuları salınıb, velosiped yolu çəkilib.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, qaz, su və istilik xətləri yenidən qurulub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 500-ə yaxın müxtəlif ağaclar və kollar əkilib, 2500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.