Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir təşkil olunub

28 fevral 2023 | 10:48

Fevralın 28-də rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və 221 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan 221 saylı tam orta məktəbin direktoru Günel Səmədova Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs edib. Bildirib ki, bu xidmətlərdən söhbət açarkən Ulu Öndərin azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı addımları xüsusi vurğulamalıyıq. Ümummilli Lider azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan dilimizin, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin qorunmasına, inkişaf etdirilməsinə çağırışlar edirdi. Bu fikir daim önə çəkilirdi ki, hər bir xalqın beynəlxalq aləmdə tanınmasında, varlığını təsdiqləməsində dili, milli-mənəvi dəyərləri, ədəbiyyatı və mədəniyyəti xüsusi yer tutur.

Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bu tədbirlərin əhəmiyyətindən, dahi şəxsiyyətin müasir müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün yaratdığı möhkəm təməlin yol açdığı uğurlardan geniş söhbət açıb. Bildirib ki, bugünkü və gələcək nəsil Ümummilli Liderin fəaliyyəti barədə dolğun məlumata malik olmalıdır. Dahi şəxsiyyətin hər bir addımı dövlətə, xalqa xidmət nümunəsi, Vətən sevgisinin təqdimatıdır.

Vüqar Rəhimzadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün əsas çağırışlarından biri azərbaycançılıq ideologiyası ətrafında sıx birliyin, həmrəyliyin yaradılmasıdır. Bunu sübut etmək üçün Ümummilli Liderin hələ Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə dilimizin, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafı istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələdə də bu ideyanın təbliğinə yönələn addımları davamlılığı ilə diqqət çəkdi.

YAP Xətai rayon təşkilatının sədri vurğuladı ki, bu gün Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsi ətrafında birliyin bugünkü inkişafımızda rolunu nəzərə alaraq biri-birindən mühüm addımlar atır. Belə ki, Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli”, 2019-cu ili “Nəsimi İli”, 2021-ci ili isə “Nizami Gəncəvi İli” elan etməsi özündə azərbaycançılıq məfkurəsinin bütün məqamlarını ehtiva edir.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov tədbirdə çıxış edərək bugünkü uğurlarımızın Heydər Əliyev siyasətinin təntənəsi olduğunu bildirdi. Bu məqama xüsusi diqqət yönəltdi ki, dahi şəxsiyyət Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycan xalqının tarixi keçmişində, mədəniyyət tariximizdə iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin tariximizə, mədəniyyətimizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi səylər sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan görkəmli insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Bu kimi mühüm addımlar azərbaycançılıq ideologiyasının təbliğinə xidmət edən addımlar sırasındadır.

Sonda şagirdlər Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Keçidlər