Xətai rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda inşa müsabiqəsinin yekun mərhələsi keçirilmişdir
Xətai rayonunda Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 03.04.2024-cü il tarixdə Humanitar fənlər təmayüllü liseydə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyev və şəhidlərimiz yad olunub. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi, Humanitar Məsələlər və Dini Qurumlarla İş şöbəsinin müdiri Elmin İmanov, Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, BŞGİİ-nin Xətai rayonu üzrə gənclər və idman sektorunun müdiri Tural Əhmədov, məktəb rəhbərliyi, rayon üzrə inşa müsabiqəsində qalib olan şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi, Humanitar Məsələlər və Dini Qurumlarla İş şöbəsinin müdiri Elmin İmanov Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu bildirdi.
Daha sonra Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov çıxış edərək müsabiqənin qaydaları və məqsədi haqqında məlumat verib. O qeyd edib ki, Xətai rayon məktəbləri üzrə 17 şagird müsabiqədə qalib gələrək yekun turda iştirak ediblər. Sonra qalib olan şagirdlər inşalarını təqdim ediblər.
Tədbirin sonunda qalib şagirdlərə diplomlar və hədiyyələr təqdim olunub.