Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin qalibləri mükafatlandırılıb

07 aprel 2026 | 16:23

Xətai rayonunda Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 07 aprel 2026-cı il tarixində 59 saylı tam orta məktəbdə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin rayon mərhələsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra tədbirin əhəmiyyəti və məqsədi haqqında iştirakçılara ətraflı məlumat verilib, müsabiqənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, tariximizə və milli-mənəvi dəyərlərimizə marağın artırılmasında mühüm rol oynadığı vurğulanıb.

Mərasimdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Pənah İmanov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının, eləcə də Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon sektorunun nümayəndələri, təhsil işçiləri, qalib şagirdlər  iştirak ediblər.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edərək bildiriblər ki, onun müəyyən etdiyi inkişaf strategiyası bu gün də Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, ölkənin davamlı tərəqqisində əsas istiqamətverici amillərdən biridir. Qeyd olunub ki, Heydər Əliyevin siyasi irsi Azərbaycan xalqının milli kimliyinin, dövlətçilik şüurunun və müasir idarəçilik məktəbinin formalaşmasında müstəsna rol oynayıb.

Eyni zamanda vurğulanıb ki, belə müsabiqələrin keçirilməsi şagirdlərin araşdırma bacarıqlarının inkişafına, analitik düşüncə tərzinin formalaşmasına, onların tarixi hadisələrə daha dərindən yanaşmasına və fikirlərini sərbəst ifadə etməsinə geniş imkan yaradır. Bildirilib ki, müsabiqə çərçivəsində Xətai rayonu üzrə ümumilikdə çoxsaylı şagird iştirak etmiş, onların arasından seçilən 14 nəfər qalib yekun mərhələyə vəsiqə qazanıb.

Tədbir çərçivəsində qalib şagirdlər öz referatlarını təqdim edərək mövzuya fərdi yanaşmalarını nümayiş etdiriblər. Onların çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Sonda müsabiqədə fərqlənən şagirdlər diplom və qiymətli hədiyyələrlə təltif olunub, onların müəllimlərinə isə təşəkkürlər bildirilib. Tədbirin yekununda xatirə şəkli çəkdirilib və iştirakçılar belə maarifləndirici layihələrin davamlı olmasının vacibliyini vurğulayıblar.

Keçidlər