Xətai rayonunda himayədar ailə institutunun inkişafına dair maarifləndirici tədbirlər təşkil olunub
Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramının icrası çərçivəsində Xətai rayonunda himayədar ailə modelinin təbliği məqsədilə bir sıra maarifləndirici tədbirlər həyata keçirilib. Tədbirlər plana uyğun olaraq 8.5.2-ci tapşırığın icrasına xidmət edir.
Sosial Xidmətlər Agentliyinin nümayəndələri tərəfindən keçirilən görüşlərdə vətəndaşlara “Himayədar ailə modeli”nin mahiyyəti, bu modelin uşaqların inkişafı üçün üstünlükləri barədə geniş məlumat verilib. Bildirilib ki, valideyn himayəsindən məhrum olan uşaqların müəssisələrdə deyil, ailə mühitində böyüməsi onların sosial, psixoloji və emosional inkişafına müsbət təsir göstərir.
Tədbir çərçivəsində qeyd olunub ki, ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərə əsaslanan ailə institutunun qorunması və möhkəmləndirilməsi dövlətin əsas prioritet istiqamətlərindəndir. Bu baxımdan himayədar ailə institutunun daha da təkmilləşdirilməsi və genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
İştirakçılara himayədar ailə qayğı modelinin tətbiqi mexanizmləri, prosesin mərhələləri və vətəndaşların bu sahədə iştirak imkanları barədə ətraflı məlumat təqdim olunub. Vurğulanıb ki, əsas məqsəd valideyn himayəsindən məhrum olan uşaqlar üçün səmərəli, dayanıqlı və ailə yönümlü qayğı sisteminin formalaşdırılmasıdır.






