Xətai rayonunda İcra Hakimiyyəti başçısı Aparatının etik müvəkkilinin “Dövlət qulluqçusu necə olmalıdır?” mövzusunda növbəti təlim keçirildi.
Xətai rayonunda İcra Hakimiyyəti başçısı Aparatının Etik müvəkkilinin 2022-ci il üçün iş planına əsasən, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları ilə “Dövlət qulluqçusu necə olmalıdır?” mövzusunda növbəti təlim keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Aparatının və Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
Tədbirdə dövlət qulluğu sistemində ölkəmizdə aparılan islahatlar çərçivəsində görülən işlər, imzalanan qanunvericilik aktları barədə məlumat verildi. Dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamında toxunulan məsələləri, Strategiyaya əsasən mövcud vəziyyətin təhlili barədə məlumatları təlimdə iştirak edənlərin nəzərinə çatdırıldı.
RİH-də yeni fəaliyyətə başlayan əməkdaşlara dövlət qulluğunda təmsil olunmaq qədər şərəfli yolda uğurlar arzulandı və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, vəzifələrinin icrasına məsuliyyətlə yanaşmalarının, nizam-intizam qaydalarına ciddi riayət etmələrinin zəruriliyi bildirildi.
Ölkəmizdə aparılan islahatlara uyğun olaraq, RİH başçısı Aparatının əməkdaşlarına vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasına, şəffaf fəaliyyətləri sayəsində vətəndaş məmnunluğunun artırılmasına diqqətlə yanaşmalarını bildirildi və bu istiqamətdə tapşırıq və tövsiyyələr verildi.
Daha sonra təlim iştirakçıları ilə mövzu ətrafında sual-cavab xarakterli müzakirələr aparıldı.