Xətai rayonunda İctimai Şuranın silsilə iclasları keçirilib
Dövlət orqanlarında ictimai iştirakçılığın genişləndirilməsi və İctimai Şuranın fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Xətai rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın silsilə iclasları keçirilib.
İclasları giriş sözü ilə açan Xətai rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Mürvət Əsgərov bildirib ki, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət nəticəsində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənib, qeyri-hökumət təşkilatları dövlət idarəçiliyi və qanunyaradıcılığı prosesində fəal iştirakçıya çevriliblər.
O, qeyd edib ki, Xətai rayon İcra Hakimiyyəti qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir və yaradılan İctimai Şura bu əməkdaşlığın daha da gücləndirilməsinə mühüm töhfə verəcək. Şura üzvləri qarşısında duran əsas vəzifələr sırasında rayon icra hakimiyyəti ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, şəffaflıq və aşkarlığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınması, vətəndaşların qanuni maraqlarının qorunması və insan hüquqlarının müdafiəsi yer alır.
Çıxış edən şura üzvləri də fəaliyyət dövründə qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq edəcəklərini bildirərək, İctimai Şuranın bu istiqamətdə atılan mühüm addım olduğunu vurğulayıblar.
Sonda iştirakçılar tərəfindən rəy və təkliflər səsləndirilib.






