Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda II Kəlağayı Festivalı keçirilib

20 sentyabr 2025 | 22:23

20.09.2025-ci il tarixdə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Konstitusiya və Suverenlik ili çərçivəsində Xətai Rayon İcra Hakimiyyəti,  "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi və "Kəlağayı Ev Muzeyi"nin təşkilatçılığı ilə  II Kəlağayı Festivalı təşkil olunub.

Festival çərçivəsində sərgi tanışlıq olub, rəsmi açılış mərasimi keçirilib, daha sonra konsert proqramı təqdim edilib. Konsertdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyin  sədri Güllü Eldar Tomarlı, tanınmış müğənnilər, aşıqlar,  şairlər, şəhid anaları, rayon sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər festivalla bağlı fikirlərini bölüşüb, kəlağayıdan, onun tarixindən danışıblar. Qeyd olunub ki, kəlağayı nənələrimizdən bizə qalan mənəvi mirasdır. Kəlağayıya, əsrlərin sınağından üzüağ çıxıb gələn digər milli-mənəvi dəyərlərimizə diqqət, qayğı, onun yüksək səviyyədə təbliği, tanıdılması bu günkü və gələcək nəsillərin tərbiyəsində, Vətənini, millətini sevən nəsil yetişdirməkdə mühüm məsələdir.

Sərgidə Güllü Eldar Tomarlının yaratdığı “Kəlağayı ev-muzeyi”nin əsrlərə söykənən 200 qədim kəlağayısı, dekorativ-tətbiqi sənət nümunələri, muzeyin digər zəngin eksponatları, həmçinin kəlağayı haqqında nəşr olunmuş kitablar nümayiş etdirilib. Bununla yanaşı, Şəki və Basqal ustalarının hazırladığı kəlağayıların nümayişi və satışı da təşkil olunub.

Xatırladaq ki, kəlağayı 2014-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və beynəlxalq səviyyədə tanıdılıb. 

Bu əlamətdar hadisənin 10 illik yubileyi münasibətilə 2024-cü ildə keçirilmiş I Kəlağayı Festivalı da Xətai rayonundan başlanaraq, ölkəmizin müxtəlif bölgələrində və xaricdə uğurla davam etdirilmişdir. 

Tədbir tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Belə tədbirlərin keçirilməsində məqsəd xalqımızın milli-mənəvi dəyərlərini gənc nəsillərə tanıtmaq, təbliğ etməkdir, adət-ənənələrimizin, sənətimizin, mədəniyyətimizin, mənəviyyatımızın yaşadılmasıdır.

Keçidlər