Xətai rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası keçirildi
11 oktyabr 2025-ci il tarixində Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası həyata keçirilib.
Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Mənzil Kommunal Təsərrüfatı Birliyinin, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Aksiya rayonun Gənclik parkında təşkil olunub. Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə keçirilən tədbir zamanı park ərazilərində yeni ağaclar əkilib, onlar suvarılıb və aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyasının əsas məqsədi yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji sabitliyin təmin olunması, şəhərin ekoloji tarazlığının bərpası və ictimaiyyət arasında təbiətə qayğı hissinin təbliğ olunmasıdır.
Tədbir çərçivəsində ərazidə aparılmış abadlıq və yaşıllaşdırma işləri zamanı qurumuş və təhlükə yaradan ağaclar götürülüb, ot örtüyü biçilib, quru otlar daşınıb, yaşıllıq sahələrinə müxtəlif növ gül-çiçəklər əkilib. Bununla yanaşı, ümumi təmizlik və abadlıq işləri də həyata keçirilib.
Qeyd edək ki, payız mövsümü ərzində Xətai rayonu ərazisində yaşıllaşdırma tədbirləri, yeni ağacların əkilməsi və mövcud yaşıllıqlara qulluqla bağlı iməcliklərin keçirilməsi davam etdiriləcəkdir.






