Xətai rayonunda yeni istifadəyə verilmiş amfiteatrda Laçının işğaldan tam azad olunması ilə əlaqədar möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
https://www.youtube.com/watch?v=ByfLEULng-Y
Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə genişmiqyaslı abadlıq işlərindən sonra sakinlərin istifadəsinə verilən Ulu Öndər Heydər Əliyev adına istirahət parkında yeni qurulmuş amfiteatr səhnəsində keçirilən bayram konsertində Ali Baş Komandan İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində əldə olunan tarixi Zəfərdən danışılıb.
Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, ziyalıların və sakinlərin qatıldığı konsertdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyiblər. Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizə minnətdarlıq ifadə olunub.
Tədbir zamanı səhnədə quraşdırılmış ekranda Laçına qayıdışımızla bağlı, həmçinin Xətai rayonunda yeni istifadəyə verilmiş Ulu Öndər Heydər Əliyev adına parkın, Nizami Gəncəvi adına parkın və Milli Qəhrəman general Polad Həşimovun adını daşıyan Şəhidlərin Xatirə Parkının, o cümlədən “Gənclik” parkının açılış mərasimlərindən görüntülər nümayiş etdirilib. Bildirilib ki, rayondakı Heydər Əliyev parkının ərazisi 4 hektardan 14 hektara çatdırılıb, sakinlərin asudə vaxtlarını dolğun keçirməsi üçün burada hər cür şərait yaradılıb. Burada 918 nəfərlik amfiteatr səhnəsi quraşdırılıb.
Konsertdə bir çox məşhur incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim ediblər. Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan bayram konserti atəşfəşanlıqla başa çatıb.