Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Xətai rayonunda yeni pilot layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına başlanılması ilə əlaqədar iclas keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş şöbəsinin müdiri Anar Tağıyev, Bakı Şəhər İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev, Bakı şəhər Mənzil-Kooperativ Təsərrüfatı idarəsinin direktoru Elman Fətiyev, Xətai rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə, mənzil-kommunal istismar sahələrinin rəhbərləri iştirak ediblər.
Layihə haqqında geniş məlumat verilib, qeyd olunub ki, layihə çərçivəsində rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara 2 rəngdə - yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılacaq. Əraziyə cavabdehlər təyin olunacaq. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulub, meydançalar dezinfeksiya ediləcək.
Görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verilib, suallar cavablandırılıb. Bildirilib ki, konsepsiyanın həyata keçirilməsi sürətlə davam edir, gələcəkdə onun digər rayonlarda da tətbiq olunacağı nəzərdə tutulub.
Layihə şəhərin təmiz saxlanılması, gözəlləşməsi, ətraf mühitin və sağlamlığınızın qorunması, yeni ekoloji, sanitar mədəniyyətin formalaşması və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.