Xətai rayonunda Milli Qəhrəman Mirzəyev İlqar Anzor oğlunun doğum günündə məzarı ziyarət olunub və adını daşıyan küçənin açılışı olub
Xətai rayonunda Milli Qəhrəman Mirzəyev İlqar Anzor oğlunun doğum günündə məzarı ziyarət olunub və adını daşıyan küçənin açılışı olub. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri, yaxınları iştirak ediblər. Tədbir iştirakçıları şəhidin ruhuna dualar edib.
Daha sonra qəhrəmanın adını daşıyan 98 saylı tam orta məktəbdə anım tədbiri keçirilib.
Anım tədbirində əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edənlər İlqar Mirzəyevin şərəfli həyat və xidmət yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən danışıblar. Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfərdən, Vətən, torpaq sevgisinin bu şanlı Qələbədə rolundan geniş bəhs ediblər. Bildiriblər ki, dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan Azərbaycan Ordusu Ermənistanı diz şökdürdü, illərdir yaradılan “məğlubedilməz erməni ordusu” mifini dağıtdı, 30 ilin işğalına 44 gündə son qoydu. Şəhidlərimizin qisası döyüş meydanında alındı. Bu gün İlqar Mirzəyev kimi vətənpərvər oğullarımızın qəhrəmanlığı sayəsində torpaqlarımız tarixi sahibinə qovuşub, xalqımız yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya bəyan edib.
Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompazisiya təqdim olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.