Xətai rayonunda növbəti ağacəkmə aksiyası keçirildi
11.03.2023-cü il tarixdə Xətai rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, rayon Polis İdarəsinin rəisi Vaqif Müslümov, Dövlət Təhlükəsizlik Xidməti Xətai rayon İdarəsinin rəisi Hümbət Əliyev, şəhid ataları, rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri ağacəkmə aksiyasında “Gənclik” parkında, “Heydər Əliyev” parkında, Gəncə prospektində və Məhəmməd Hadi küçələrində 500-dən çox ağac əkilib.
Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.
Ümumilikdə son bir ayda ağacəkmə aksiyaları çərçivəsində rayonun Ceyhun Həsənov, Xudu Məmmədov, Çingizxan Kərimov küçələrində, Gəncə prospektində, Heydər Əliyev və Gənclik parklarında 3000-dən çox müxtəlif növ ağaclar əkilib.
Ağacəkmə aksiyalarının davamlı olaraq keçirilməsi planlaşdırılır.