Xətai rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
15.04.2023-cü il tarixdə Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhid ataları, rayonun idarə, müəssisə, təşkilat kollektivləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri ağacəkmə aksiyasında Gəncə prospekti 65-67 ünvanlarında 700-dən çox ağac əkilib.
Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.
Ümumilikdə son aylarda ağacəkmə aksiyaları çərçivəsində rayonun Ceyhun Həsənov, Xudu Məmmədov, Çingizxan Kərimov küçələrində, Gəncə prospektində, Heydər Əliyev və Gənclik parklarında 4500-dən çox müxtəlif növ ağaclar əkilib.
Ağacəkmə aksiyalarının davamlı olaraq keçirilməsi planlaşdırılır.