Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Qadınlar özünüməşğulluq proqramında -öyrənək və öyrədək” adlı tədbir keçirilib.  

15 avqust 2023 | 16:17

Xətai rayonunda rayon İcra Hakimiyyəti, Xətai bələdiyyəsi, Bakı Şəhər Gənclər və İdman idarəsinin Xətai rayon sektoru, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyin təşkilatçılığı ilə “Qadınlar özünüməşğulluq proqramında -öyrənək və öyrədək” adlı tədbir keçirilib.  

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyin sədri Xanım Əhmədzadə, rayonun dövlət qurumlarını təmsil edən məsul əməkdaşlar və  rayon sakinləri iştirak ediblər.

Çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov qeyd edib ki, Azərbaycan Respublikasının sosial siyasət konsepsiyasının əsas istiqamətlərindən biri yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin olunmasından ibarətdir. Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07.04.2016-cı il tarixinli “Özünüməşğulluq” proqramı ilə bağlı imzaladığı Sərəncam çox böyük əhəmiyyət kəsb edir. Bugünkü gündə özünüməşğulluq proqramına qoşularaq işsiz və işaxtaran şəxslər əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırır, hətta ailə bizneslərini qurur və bütün bunlar həmçinin ölkədə kiçik və orta sahibkarlığın inkişafına da xidmət edir. Bu proqram aztəminatlı ailələrin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün gözəl fürsətdir.

“Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyin sədri Xanım Əhmədzadə çıxışında vurğuladı ki, ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların əmək bazarında iştirakının və məşğulluq imkanlarının artırılması, həmçinin  onların da kiçik sahibkarlığa çıxışlarına dəstək verilməsidir. “Qadınlar özünüməşğulluq proqramında -öyrənək və öyrədək” layihəsinin əsas ideyası həssas qruplardan olan qadın və qızların özünüməşğulluq proqramına cəlb olunmasına yardım göstərmək məqsədi ilə maarifləndirmə tədbirlərinin keçirilməsidir. Bu məqsədlə təşkil olunmuş tədbirlərə cəlb olunanlara həm proqramın hüquqi bazası barədə geniş məlumat vermək, həm də proqrama qoşulmaqla bağlı bütün mərhələləri ətraflı izah etmək, sahibkarlıq proqramını tərtib etmək, kiçik biznesin təşkili və idarə olunması üzrə məlumatlar vermək nəzərdə tutulub.

Daha sonra təlimçi Aybəniz Əliyeva tədbir iştirakçılarına Özünüməşğulluq proqramı, mərhələləri və qaydaları haqqında ətraflı məlumat verdi və yaranan sualları cavablandırdı.

Keçidlər