Xətai rayonunda “Şahin” hərbi-idman oyununun rayon mərhələsinə start verilib
7 aprel 2023-cü il tarixində Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarı ilə təsdiq olunmuş əsasnaməyə əsasən gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyununun Xətai rayon mərhələsinə start verilib.
Açılış mərasimində Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəis müavini-kurslar rəisi polkovnik Nazim Abbasov, Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini Mürvət Əsgərov, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri iştirak ediblər.
Çıxışlarda “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətindən bəhs olunub. O da bildirilib ki, dünyaya səs salan tarixi Zəfərimiz Azərbaycan gəncliyinin Vətən, torpaq sevgisinin təqdimatıdır. Gənclərimiz torpaqlarımızın azadlığı uğrunda silaha sarılaraq öz canlarından keçdilər, qanları ilə Zəfər tarixini yazdılar.
Çıxışlarda, həmçinin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” fikirinin davamı olaraq ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə etməliyik. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur” tezisi səsləndirilib. Bildirilib ki, vətənpərvərlik ruhunda keçirilən hər bir tədbir gənclərimizə çağırışdır. Bu gün gənclərimizin hərbi xidmətə böyük əhval-ruhiyyə ilə getmələri də onlarda milli ruhun, vətənpərvərlik ruhunun böyüklüyünü təsdiqləyir. Müasir müstəqil, qalib Azərbaycanın vətəndaşı olmaq bəyük qürur və şərəfdir.
Birincilikdə 37 orta ümumtəhsil məktəbindən hər bir komandanın tərkibi 14 nəfər (10 oğlan, 4 qız) olmaqla 8 və 10-cu sinif şagirdləri (5 oğlan və 2 qız 8-ci sinif; 5 oğlan və 2 qız 10-cu sinif) iştirak edir.
Qalib komanda Bakı şəhər mərhələsində iştirak etmək hüququ qazanacaqdır.