Xətai rayonunda şəhid ailələri ilə görüş keçirilmişdir
Xətai rayon İcra Haklimiyyətində şəhid ailələri ilə görüş keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, rayon prokuroru Sərdar İmanov, Respublika Prokurorluğunun nümayəndələri və şəhid ailələri iştirak ediblər.
Öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhid ailə üzvlərinə dərin hörmət ifadə edərək bildirdi ki, bu gün Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə ucalan vətən oğullarımızın ruhu şaddır. Çünki onların qanı yerdə qalmayıb. Rəşadətli Azərbaycan ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində onların qisasını döyüş meydanında alıb. Bu gün azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır. Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya artıq Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar. Ölkə başçısı cənab İlham Əliyevin ifadə etdiyi kimi “Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaqdır!”. Bu qüruru bizə yaşadan şəhidlərimizi azərbaycan xalqı heç zaman unutmayacaq. Onların əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.
Digər çıxış edənlər bildirdilər ki, Vətən Müharibəsi zamanı bütün dünya azərbaycan xalqının qəhrəmanlığının şahidi oldu və bildi ki, bu xalq məğlubedilməz, yenilməz, tarixinə, torpaqlarına sahib çıxan xalqıdır. Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməklə gücünü, qüdrətini dünyaya çatdırdı. Bütün azərbaycan xalqı bu şərəfli günləri bizə yaşadan şəhidlərizin ruhu qarşısında baş əyir.
Tədbir çərçivəsində Respublika Prokurorluğu tərəfindən Xətai rayonundan olan 418 şəhid ailəsinə ərzaq bağlamaları verilib.
Tədbirdə çıxış edən şəhid ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi gündəlik diqqət və qayğıdan söz açıb, şəhid ailələrinin sosial müdafiəsinin təmin edilməsi üçün kompleks işlər görülməsindən bəhs ediblər.