Xətai rayonunda şəhid Məmmədov Fuad Valeriyeviçin anım mərasimi keçirilib
Xətai rayonunda Vətən Muharibəsi şəhidi Məmmədov Fuad Valeriyeviçin xatirəsi anılıb, məzarı ziyarət olunub.
Məmmədov Fuad Valeriyeviç 21 oktyabr 2020-ci ildə işğal olunmuş ərazilərin azad edilməsi uğrunda gedən döyüşlər zamanı Xocavənd istiqamətindəki döyüşdə həlak olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Doğum günündə şəhidimizin məzarı ziyarət edilib, məzarı üzərinə əklil və tər çiçəklər qoyulub, ruhuna dualar oxunub. Daha sonra Polad Həşimov küçəsində yerləşən Şəhidlərin xatirə parkında anım tədbiri keçirilib. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.