Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi

25 iyun 2023 | 17:31

İyunun 25-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 26 İyun-Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda tədbir keçirildi.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və  torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə iştirak edən çağırış yaşlı gənclərlə peşəkar hərbi mütəxəssislərin, vətən müharibəsi veteranlarının və qazilərin görüşü keçirildi.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkiatının sədri Vüqar Rəhimzadə bildirdi ki, rəşadətli Azərbaycan Ordusu 105 yaşını qeyd edir. 105 ildə keçilən yolun təhlilinin ümumiləşdirilmiş ifadəsi tarixi Zəfərimizdir. Artıq üçüncü ildir ki, tarixi günlərimizi,  bayramları Zəfər ruhunda qeyd edirik. Azərbaycan əsgəri və zabiti bu günü iki qat bayram edir.  Bu baxımdan ki, 30 illik işğala son qoyan rəşqadətli ordumuz  xalqımıza Zəfər sevincini yaşatdığı, soydaşlarımızın torpaq həsrətinə son qoyduğu  üçün qürurludur. Milli Ordumuzun hərb tarixinə yazdığı Zəfər səhifəsi  faşist xislətli ermənilərin son iki əsrdə azərbaycanlılara qarşı apardıqları soyqırımlara, siyasi, hərbi  terrorlara cavab oldu. Düşmən üzərində  Qələbəmizin müjdəsi olan Şuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun yenilməzliyini bütün dünyaya bəyan etdi. Bu Qələbə xalqımızın Müzəffər Sərkərdəsi, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin ifadəsi idi. Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclu orduları sırasında qərarlaşması həm də iqtisadi qüdrətimizin göstəricisidir. Təsadüfi deyil ki, ordumuzun 44 günlük İkinci Qarabağ müharibəsində apardığı döyüş əməliyyatları beynəlxalq səviyyədə diqqətlə araşdırılır, müharibə taktikamız öyrənilir. Vüqar Rəhimzadə qeyd etdi ki, Azərbaycanda  ordu quruculuğu istiqamətində aparılan islahatların məntiqi nəticəsi beynəlxalq təşkilatların açıqladığı statistik rəqəmlərlə də ifadə olunur. Azərbaycan Ordusunun gücü, qüdrəti etiraf edilir. Ordumuz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşır. Azərbaycanın tarixi Zəfərinin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan Zəfər paradı, onun ardınca dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə açıq səma altında salınan Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun gücünün, imkanlarının təqdimatı oldu. YAP Xətai rayon təşkilatının sədri bildirdi ki,  Ulu Öndər Heydər Əliyevin  orduya diqqət və qayğısının bariz nümunəsi 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün- 26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsidir. Ümummilli Lider  hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Bu mühüm məqamı da qeyd edək ki, hələ sovet dövründə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması məhz bu məqsədi güdürdü ki, Azərbaycanda peşəkar zabit təbəqəsi yaransın. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ordu quruculuğuna,  hərbi qulluqçulara diqqət və qayğısı davamlılığı ilə diqqətdədir.  Cənab İlham Əliyevin 25 iyun 2023-cü il tarixli “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında”, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında” sərəncamları da bir daha bunun bariz nümunəsidir.

Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, müstəqilliyimizin bərpasının ilk illərində Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsindən bəhs etdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycaın müstəqil gələcəyini düşünərək hərbi kadrların hazırlanması üçün  mühüm addımlar atmış, Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdır. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu sahəsində atılan addımlar Azərbaycanın beynəlxalq standartlara cavab verən Silahlı Qüvvələrinin formalaşmasına imkanlar yaratdı. Nizami ordu formalaşdırıldı, əsgər və zabitlərimizin döyüş ruhu artırıldı. Anar Məmmədov görülən işlərin zirvəsində dayanan tarixi Zəfərimizin  Azərbaycanın dünyaya təqdimatında oynadığı rola diqqəti yönəldərək bildirdi ki, bu gün qailb ölkə Azərbaycandır, güclü ordu Azərbaycan Ordusudur,  yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Möhtəşəm Qələbəmiz  Ermənistanın uzun illər ərzində yaratdığı mifləri dağıtdı. Dünya ordumuzun imkanlarının şahidinə çevrildi. Azərbaycanın bugününə və gələcək yoluna daim işıq salan, Zəfər tariximizin unudulmaz qəhrəmanlarını bir daha dərin ehtiramla yad edir, şəhidlərin hər birinin ruhu qarşısında baş əyirik.

Qazilərdən  Tariyel Şıxbalayev,  Teymur Məlikov, Orxan İmanov və Aşır Gülgəzov çıxış edərək bildirdilər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Azəraycan Ordusu  Müzəffər Ali Baş Komandanın daim «Hücum!» əmrini gözləyirdi və həmin an 2020-ci ildə yetişdi. “Vətən bizi çağırır” kəlmələri ilə cəbhəyə könüllü yollanan Vətən oğullarının üzlərində sevinc, gözlərində qisas hissi var idi. Yurdu yaşatmaq üçün Azərbaycan oğulları Vətən borcunu verməyə necə hazır olduqlarını 44 gün ərzində nümayiş etdirdilər. Həmin günlərdə döyüş meydanında vuruşanlar da, arxa cəbhədə çalışanlar da, bir sözlə, hər kəs bir hədəfə vururdu. Prezident-Ordu-Xalq birliyi Vətən müharibəsində tarixi Qələbəmizi şərtləndirən ən başlıca amil oldu.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan qazilərimizə partiyanın üzvlük vəsiqəsi təqdim edildi.

Keçidlər