Xətai rayonunda su ehtiyatlarından səmərəli istifadə ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın 9.3.4.1-ci bəndinin icrası məqsədilə Xətai rayonunda su ehtiyatlarından səmərəli və qənaətli istifadənin təşviqinə həsr olunmuş tədbir keçirilib.
Tədbir zamanı içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması, mövcud su mənbələrinin qiymətləndirilməsi, su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması və bərpası məsələləri geniş müzakirə olunub.
Həmçinin içməli və suvarma suyu təchizatı sahəsində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr, su ehtiyatlarının qorunması, onların səmərəli idarə olunması və qənaətli istifadəsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin əsas məqsədlərindən biri də istehlakçıların bu sahədə məlumatlılıq səviyyəsinin artırılması olub. Bu istiqamətdə su ehtiyatlarının düzgün idarə olunması və mütərəqqi suvarma texnologiyalarının tətbiqi kimi mövzular diqqət mərkəzində saxlanılıb.
Maarifləndirmə işlərinin daha geniş auditoriyaya çatdırılması məqsədilə tədbir iştirakçılarına və rayon sakinlərinə məlumat xarakterli bukletlər paylanılıb.
Bu kimi təşəbbüslər Xətai rayonunda su ehtiyatlarının dayanıqlı və səmərəli istifadəsinin təmin olunmasına, eləcə də ekoloji tarazlığın qorunmasına töhfə verməkdədir.






