Xətai rayonunda “Təbiətimizin Sovqatı” adlı Respublika Uşaq rəsm müsabiqəsinin yekun sərgiləri keçirilib
Xətai rayonunda rayon İcra Hakimiyyəti, Xətai Sənət Mərkəzi və “Zeytun bağları” brendinin təşkilatçılığı ilə “Təbiətimizin Sovqatı” adlı Respublika Uşaq rəsm müsabiqəsinin yekun sərgiləri keçirilib.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov qeyd edib ki, ölkə təbiətinin qorunması dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır. Təbiətin mühafizəsi ilə əlaqədar yerlii şəraitə uyğun Milli proqramlar hazırlanır. Respublikamızın zəngin təbiətini qorumaq, təbii ehtiyatların, bitib-tükənməz faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi ilə əlaqədar bir sıra mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin imzası ilə həyata keçirilən bu proqramlar təbiətimizin daha da zənginləşməsinə, təbii sərvətlərimizin etibarlı və effektli mühafizəsinə zəmin yaradır. Bu sahədə əhali və xüsusən gənclər arasında ekoloji maarifləndirmə işlərinin aparılması da ən başlıca məsələlərdəndir və bu bizim hər birimizin vətəndaşlıq borcumuzdur.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Avazov çıxışında bildirdi ki, bu tipli tədbirlər yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədi ilə təşkil olunur.
Mövzusu “Necə bir təbiəti qoruma nişanı asardım” olan müsabiqəyə Azərbaycanın müxtəlif guşələrindən 700-ə qədər uşaq, yeniyetmə və gənclərə məxsus 800-dən çox əsər göndərilib. Sərgilənmək üçün müəllifin yaşı nəzərə alınmaqla mövzu, düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncəsi ilə işlənmiş əsərlərə üstünlük verilməklə 152 əsər seçilib. Əsərləri seçilən və sərgidə nümayiş olunan müəlliflər sertifikatla təltif olunub.