Xətai rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib
Aprelin 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin və tərəfdaş qurumların dəstəyi ilə Xətai rayonu, “Gənclik” parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka və ya banka, yaxud 10 ədəd işlənmiş batareya təhvil verərək müxtəlif hədiyyələr əldə ediblər.
Festival zamanı 3 min 481 litr plastik butulka, 1040 litr şüşə butulka, 831 ədəd işlənmiş batareya toplanıb.
“Tullantıları hədiyyələrə dəyiş” festivalında, həmçinin maarifləndirici master-klaslar təşkil olunub. İştirakçılar tullantıların düzgün çeşidlənməsi, təkrar emal prosesi və ətraf mühitin qorunması ilə bağlı faydalı məlumatlar əldə edib, ekoloji məsuliyyətin artırılmasına yönəlik tədbirlərdə yaxından iştirak ediblər.
Növbəti mərhələlərdə “Tullantıları hədiyyələrə dəyiş” festivalı regionları da əhatə edəcək.