Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir" mövzusunda tədbir keçirilib

01 noyabr 2023 | 11:22

Oktyabrın 31-də  Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının Yusif Səfərov küçəsi 21 ünvanı üzrə ərazi partiya təşkilatında , TƏBİB, YAP Xətai rayon təşkilatı və Mərkəzi Neftçilər Xəstəxanası birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir”  mövzusunda tədbir keçirildi.

 Dövlət himni səsləndirildikdən sonra tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı yolunda canlarından keçən Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirilir, dahi şəxsiyyətin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinin ayrı-ayrı sahələrinə diqqət yönəldilir. Reallıq budur ki, əgər 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Ulu Öndər Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas etdi.  Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Hakimiyyətinin birinci dövründə  Azərbaycanın müstəqil gələcəyini düşünən Ulu Öndər Heydər Əliyev bugünümüz üçün zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başlamışdır. İqtisadi inkişafın təməlinin qoyulması, kadr hazırlığının yüksək səviyyədə təşkili, ən əsası dövlətin müstəqilliyinin qarantı olan ordunun inkişafına xidmət edəcək mühüm addım kimi qiymətləndirilən Cəmşid Naxçıvançki adına hərbi liseyin yaradılması və sair kimi biri-birindən əhəmiyyətli addımlar gələcək prioritetlərin açıqlanmasında yardımçı oldu.  Ümummilli Lider  Heydər  Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu işlərin  davamlılığını yüksək səviyyədə təmin etdi, bugünkü güclü, qüdrətli, qalib Azərbaycanın möhkəm bünövrəsini yaratdı. Bu gün üçrəngli Bayrağımız Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad edilmiş bütün torpaqlarımızda əzəmətlə dalğalanır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı  direktorunun müavini Araz Nəsirov Ümummilli Lider  Heydər Əliyevin geniş və çoxcəhətli fəaliyyətinin daha mühüm istiqamətlərinin birindən – xalqımızın sağlamlığı, səhiyyəmizin inkişafı sahəsində gördüyü əvəzsiz işlərdən geniş bəhs edib. Bu gün Azərbaycan səhiyyəsinin beynəlxalq standartlara uyğun inkişafının əsasında məhz dahi şəxsiyyətin yaratdığı möhkəm təməl dayanır. İyunun 17-sinin ölkəmizdə Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunması Ulu Öndər Heydər Əliyevin bu sahəyə diqqətinin bariz nümunəsidir. Hazırda bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan səhiyyəsi bu gün yeni inkişaf dövrünü yaşayır.

 Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə diqqəti bu mühüm reallığa yönəltdi ki, Ümummilli Lider Heydər Əliyev Sovetlər Birliyi dövründə Azərbaycanı  qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə  hakimiyyətə  qayıdışından sonra   ölkəmizin müstəqilliyini əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.  Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü xalqa, dövlətə xidmət nümunəsidir. İllər biri-birini əvəzlədikcə bu xidmətin  böyüklüyü  daha aydın görünür,  yüksək dəyərləndirilir.  Ümummilli Liderin fəaliyyətinin yeni istiqamətləri araşdırılır, dahi rəhbərlə bağlı yeni nəşrlər çap olunur. Müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

  Vüqar Rəhimzadə qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı daha möhtəşəm qələbələrə doğru aparan Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyev  yeganə problemimiz olan keçmiş Qarabağ münaqişəsini tarixə qovuşdurmaqla, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, tarix faktlara əsaslanır, sonda Zəfər çalan ədalət olur. 30 ilin işğalına 44 gündə son qoymaq Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatı kimi dünyaya səs saldı.  Ümummilli Lider Heydər Əliyev möhkəm bünövrə yaratmaqla yanaşı, inkişafın davamlılığını təmin etmək, Azərbaycanı hər zaman zirvələrdə görmək üçün  növbəti inamın ünvanını dəqiq göstərdi. Dahi rəhbərin 2003-cü ildə xalqa tarixi müraciəti Onun dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətləri sırasında mühüm yer tutur.

  Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov Ulu Öndər Heydər Əliyevin  Azərbaycan səhiyyəsinin inkişafı istiqamətində atdığı addımlardan geniş bəhs etdi. Bildirdi ki, Ulu Öndər üçün ən vacib sahələrdən biri insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. Ölkəmizdə səhiyyənin qanunvericilik bazası təkmilləşdirilmiş, səhiyyə obyektləri şəbəkəsi genişləndirilmiş, yüzlərlə tibb müəssisələrinin yenidən qurulması, bu sahənin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində böyük işlər görülmüşdür. Bu gün Azərbaycana hansı sahədən baxsaq Ümummilli Lider Heydər Əliyevin  xidmətlərinin ölçüyəgəlməzliyini görərik.

 Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri  Ədalət Abdullayev və Validə Vəliyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan sevgisindən bəhs etdilər. Bildirdilər ki, dahi liderin hər bir addımının əsasında dövlətinə, xalqına bağlılığı dayanırdı. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan möhkəm təməl üzərində uğurla inkişaf edərək bu gün qalibiyyəti ilə dünyaya səs salıb. Bu uğurun müəllifi Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevdir.

 Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən film nümayiş olundu.

Sonda Xətai rayonunun, eyni zamanda, Yeni Azərbaycan Partiyasının həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə Fəxri fərman təqdim edildi.

Keçidlər