Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş futbol turniri keçirilib
10 may 2024-cü il tarixdə Heydər Əliyev adına liseydə rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatı və rayon Gənclər və Idman Idarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş Xətai rayon məktəbliləri arasında futbol turnirinin final oyunu keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Həsənov, BŞGİİ-nin Xətai rayonu üzrə gənclər və idman sektorunun müdiri Tural Əhmədov, məktəb kollektivi iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvərlik ruhunda formalaşdırır. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyinin, gücünün, əzminin təsdiqi oldu. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bütün sahələrdə, o cümlədən gənclərimizin hərtərəfli inkişafında öz töhfəsini verir.
Futbol turnirində 30 komanda iştirak edib. Yekun nəticələrinə görə 249 saylı tam orta məktəbin komandası I yeri, 27 saylı tam orta məktəbin komandası II yeri, 269 saylı tam orta məktəbin komandası III yeri tutub.
Tədbirin sonunda qalib şagirdlərə diplomlar və hədiyyələr təqdim olunub.