Xətai rayonunda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib
Mayın 4-də Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və Respublika Olimpiya Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə Xətai rayon məktəbliləri arasında velosiped idman növü üzrə yarış keçirilmişdir.
Ümummilli Lider idmanın inkişafını daim diqqətdə saxlayırdı. Dahi rəhbərin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkədə idmanın kütləviliyinin təmin edilməsi istiqamətində atılan addımlar sağlam gəncliyin formalaşmasında, onların asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətli rol oynadı. “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər sırasında idman yarışlarına da yer verilməsi Ümummilli Liderin bu sahəyə diqqət və qayğısının geniş təhlilinə xidmət edir.
Xətai rayonu üzrə 35 məktəbin şagirdlərinin qatıldıqları velosiped idman növü üzrə yarışda birinci yeri Heydər Əliyev adına lisey, ikinci yeri 261 saylı məktəb, üçüncü yeri isə 269 saylı məktəb tutub.
Qaliblər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək ümumrayon tədbirində mükafatlandırılacaqlar.