Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Ulu Öndərin 100 illiyinə həsr olunan növbəti tədbir keçirildi

03 may 2023 | 10:58

Mayın 2-də Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və  Respublika Neyrocərrahiyyə Xəstəxanasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirildi.

Respublika Neyrocərrahiyyə Xəstəxanasında keçirilən tədbirdə  Dövlət Himni səsləndirildi, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərdə şəhidlik  zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olundu.

Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, Ümummilli Lider  Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.  Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü Azərbaycan dövlətinə, xalqına xidmət nümunəsidir.  Dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən Onun hər kəsə Vətəni sevməyi öyrətməsi xüsusi vurğulanır. Çünki atılan bütün addımların əsasında dövlət, xalq sevgisi, Ulu Öndərin canından artıq sevdiyi Azərbaycanın imzasını imzalar arasında görmək istəyi dayanırdı. Rafiq Quluyev vurğuladı ki, 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən  Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu belə bir ağır zamanda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirərək onu qorumağı, daha da möhkəmləndirməyi hər bir Azərbaycan vətəndaşının qarşısında mühüm vəzifə kimi qoydu. Belə bir çağırışı etdi ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs  Azərbaycan  qayəsi ətrafında birləşmək, əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Dahi şəxsiyyət düşünülmüş və gələcəyə hesablanmış siyasəti ilə bu birliyi, həmrəyliyi yaratdı.

  YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə  çıxışında  bu mühüm məqamı xüsusi vurğuladı ki, tarixin müxtəlif mərhələlərində hər bir ölkənin həyatında əhəmiyyətli rol oynayan dönüş nöqtələri olur. 1993-cü ilin iyun ayında Azərbaycanın başının üstünü qara buludlar  alanda, ölkəmiz müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayanda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Ümummilli Lider ilk gündən belə bir əminliyi ifadə etdi ki, biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq. Hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir. Vüqar Rəhimzadə qeyd etdi ki, Ümummilli Liderin uğurlu və  məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi və bununla da digər sahələrdə inkişafın əsası qoyuldu.  Dahi şəxsiyyətin ən böyük arzusu Azərbaycanın dünyaya Günəş kimi doğması idi. Bu istək qısa zamanda reallığa çevrildi. Azərbaycan  Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Bu gün bu uğurlarımızın sırasında Azərbaycanın qalibiyyəti dayanır. Bu qalibiyyətin, Zəfərin memarı Heydər Əliyev siyasətinin layiqli davamçısı, 2003-cü ildə Ümummilli Liderin Azərbaycanın bugününü düşünərək xalqa tarixi müraciəti ilə   göstərdiyi inamın ünvanı, Prezident İlham Əliyevdir. Ulu Öndər  həmin tarixi müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını, axıra çatdıra bilmədiyi işləri, planları məhz Onun xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə sona çatdıracağına əminliyini ifadə etdi. Bu gün dövlət başçısı İlham Əliyev Ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir.

Çıxış edən akademik Vaqif Abbasov bildirdi ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi onların  mənsub olduqları xalqın, yaratdıqları dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü dahi lider kimi təsdiq etmişdi. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri vardır.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimov qeyd etdi ki, Azərbaycanın bugünkü hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin bütün sahələrə göstərdiyi diqqət və qayğının nəticəsidir. Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək yüksək ixtisaslı kadrların yetişdirilməsini qarşıya əsas hədəf kimi qoymuşdu. O zaman minlərlə Azərbaycan gəncinin keçmiş  İttifaqın ən nüfuzlu ali məktəblərinə göndərilməsi bugünümüzə hesablanmış addımlar  sırasındadır.

 Tədbirdə çıxış edən Gülsəba Bədəlova, Kabus Dadaşov və başqaları bildirdilər ki,  Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir.

Çıxışların əsasında  Ümummilli Liderin  dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini özündə ehtiva edən bu  çağırışı dayandı: “Nə qədər ki Azərbaycan var,  mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Keçidlər