Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda "Ürəklərdə yaşayan dahi" adlı tədbir keçirildi

03 may 2023 | 18:00

Mayın 3-də Xətai Rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və   2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  birgə təşkilatçılığı ilə  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Ürəklərdə yaşayan dahi” mövzusunda  tədbir keçirildi.

Əvvəlcə tədbir iştirakçıları YAP Xətai rayon təşkilatında sərgilənən  2 nömrəli  Uşaq-Gənclər  İnkişaf  Mərkəzində təhsil  alan şagirdlərin  dahi şəxsiyyət Heydər Əliyevə  həsr etdikləri  rəsm əsərləri ilə tanış oldular.

Tədbirdə  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda  döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik  sükutla yad edildi.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək bildirdi ki, Ulu Öndər  Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Ümummilli Lider  düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik  deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir.  Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövründə atılan addımlar Onun  dövlətə, xalqa bağlılığının aydın mənzərəsini   yaradır. Hər iki dövr Ümummilli Liderin xilaskarlıq missiyasının təqdimatıdır. Belə ki, 1969-1982-ci illərdə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl  diyara  çevirən Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla Azərbaycanı böyük faciələrdən, dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Dahi şəxsiyyətin hakimiyyətinin birinci dövründə gördüyü işlər bugünümüz üçün möhkəm təmələ çevrildi. Həmin illərdə yaradılan iqtisadi potensial Azərbaycanın sənaye ölkəsi kimi nüfuz qazanmasında öz sözünü dedi. Eyni zamanda, Ümummilli Lider Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi görərək bugünümüz üçün mühüm olan addımları atdı.  Bunun bariz nümunəsi kimi gənclərin  təhsilini, hərbi kadrların yetişdirilməsini, hər bir ölkənin təqdimatında əhəmiyyətli rol oynayan ana dili məsələsini gündəmə gətirərək  Azərbaycan dilinin dövlət dili statusu qazanmasını qeyd edə bilərik. Rafiq Quluyev vurğuladı ki,  müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxışında qeyd etdi ki, Azərbaycan xalqı  müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da 1993-cü ildə  Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışı  gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaratdı. Çünki düşünülmüş və məqsədyönlü siyasət daim hər bir ölkəyə böyük uğurlar qazandırır, onu əsl söz sahibinə çevirir, müstəqil addım atmasını şərtləndirir.   Məhz bunun nəticəsidir ki, ölkəmiz müstəqilliyinin bərpasından ötən illərdə   100 ilə bərabər inkişaf yolu keçib. Bu mühüm məqamı da qeyd etməliyik ki,  Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu 1969-cu ildən-məhz dahi şəxsiyyət Heydər Əliyevin respublikamızda birinci  hakimiyyəti dövründən  başlayıb. Vüqar Rəhimzadə onu da əlavə etdi ki,  həmin dövrdə keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilən  gənclər sonrakı illərdə  Azərbaycanın davamlı inkişafına öz töhfələrini verdilər.  Bu gün Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti Ulu Öndər Heydər Əliyevin böyük səyləri nəticəsində 1971-ci ildə  yaradılan  Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələridir. 30 ilin işğalına son qoyan rəşadətli Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində inkişaf edərək daha da təkmilləşdi, maddi-texniki bazasını möhkəmləndirdi, döyüş ruhunu artırdı. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. YAP Xətai rayon təşkilatının sədri bildirdi ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Bu uğurların zirvəsində dayanan tarixi Zəfərimiz Azərbaycanın keçdiyi inkişaf yolunun təqdimatıdır.

Tədbirdə  Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks edirən videoçarx nümayiş olundu. 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində təhsil alan şagirdlər şeirlər söylədi, bədii kompozisiya nümayiş etdirdilər. “Sən elə bir zirvəsən ki...” mahnısının sədaları altında  Azərbaycan Bayrağını yüksəklərə qaldıran  şagirdlər bununla bir daha  bu çağırışı ifadə etdilər ki, qalibiyyət rəmzimiz olan bayrağımız hər zaman zirvələrdə  dalğalanacaq.

Sonda xatirə şəkili çəkdirildi.

Keçidlər