Xətai rayonunda Vətən Müharibəsi şəhidi Baxşəliyev Qərib İnqilab oğlunun xatirəsi anılıb
Xətai rayonunda Vətən Müharibəsi şəhidi Baxşəliyev Qərib İnqilab oğlunun xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, 261 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.
Vətən Müharibəsi şəhidi Baxşəliyev Qərib İnqilab oğlu 1977-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Nərimanov rayonunda 82 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alıb.1999-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində Motoatıcı Tağımın Komandiri vəzifəsində xidmət edib. 2000-ci ildə Tərtər rayonu istiqamətində Kontuziya alması nəticəsində xidmətini Azərbaycanda zabitlərin yetişdirilməsində xüsusi rolu olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam edib. 2016-2019-cu illərdə Qərib Baxşəliyev əvvəl Heydər Əliyev adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərb tarixini tədris edib.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Qərib Baxşəliyev Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Zəngilan istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji hazırlığının artırılmasında rol oynayıb. Qərib Baxşəliyev noyabrın 3-də Zəngilan istiqamətində şəhid olub. Onun nəşi 32 gün erməni tərəfində saxlanılıb. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə","Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailəli idi. Üç övladı yadigar qalıb. Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
Çıxış edənlər bildiriblər ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Daha sonra məktəblilər Vətənə həsr olunan şeirlər səsləndiriblər.
Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxunub, xatirə lövhəsinin qarşısına tər gül-çiçək dəstələri düzülüb.