Xətai rayonunda Vətən müharibəsi şəhidi Əliyev Malik Təvəkkül oğlunun adını daşıyan küçənin açılışı olub
Xətai rayonunda Vətən müharibəsi şəhidi Əliyev Malik Təvəkkül oğlunun adını daşıyan küçənin açılışı olub. Küçənin açılış mərasimində Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları iştirak ediblər.
Əliyev Malik Təvəkkül oğlu 1986-cı il dekabrın 26-da Naxçıvan şəhərində anadan olub. 1993-2001-ci illərdə Naxçıvan şəhərində 10 nömrəli tam orta məktəbdə, 2001-2004-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Malik Əliyev 2008-2015-ci illərdə Sərhəd Qoşunlarının Xudat şəhərində Hərbi Dəstəsində Komendant Bölüyünün Komandiri, 2015-ci ildən isə Horadiz şəhərində Sərhəd Dəstəsinin Komendaturasının Qərargah rəisi vəzifəsində xidmət edib. Sərhəd Qoşunlarının mayoru olan Malik Əliyev Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Malik Əliyev oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Ailəli idi. Bir qızı yadigar qalıb. Malik Əliyev ölümündən sonra "Vətən uğrunda","Vətənə xidmətə görə" ordeni ilə, "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!